05 fevral 2025 15:47
87

Məcnun Məmmədov Xaçmaz və Şabranda şərab istehsalı və quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.

“İki sahil” xəbər verir ki,  Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Xaçmaz rayonunda “FA Valley” MMC, “Xaçmaz-Şərab” ASC, Şabran rayonunda isə “Merit Brand” MMC şərab istehsalı müəssisələri ilə tanış olan nazirə müəssisələrin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal edilən məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib.

Müəssisələrdə keçirilən görüşlərdə istehsal zamanı meydana çıxan çətinliklər, ixrac imkanlarının artırılması üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Daha sonra nazir Məcnun Məmmədov Siyəzən rayonunda fəaliyyət göstərən “Siyəzən broyler” ASC-nin fəaliyyəti ilə tanış olub, quş əti istehsalında müasir texnologiyaların tətbiqi ilə maraqlanıb. Nazirə müəssisədə bütün istehsalat zəncirinin beynəlxalq qida təhlükəsizliyini idarəetmə sistemlərinə uyğunlaşdırıldığı, sanitar-gigiyenik və qida təhlükəsizliyi qaydalarına uyğun toyuq əti istehsal olunması, məhsulların sertifikatlaşması prosesi barədə ətraflı məlumat verilib.