02 fevral 2025 17:46
94

Qətərin Baş naziri Qəzzada atəşkəsin ikinci mərhələsinə dair danışıqlara çağırıb

Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrail və Fələstinin HƏMAS hərəkatını Qəzza zolağında atəşkəs razılaşmasının icrasının ikinci mərhələsinin təfərrüatlarını müzakirə etmək üçün danışıqlara çağırıb.

“İki sahil” xəbər verir ki, bunu o, Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

"Biz sazişdə nəzərdə tutulduğu kimi, ikinci mərhələ üzrə danışıqların dərhal başlanmasını tələb edirik. Razılaşmalara əsasən, ikinci mərhələ üzrə danışıqlar sabah başlamalıdır. Artıq danışıqların gündəliyini müəyyən etmək üçün tərəflərlə qarşılıqlı fəaliyyətə başlamışıq", - Baş nazir əlavə edib.

Əl Tani qeyd edib ki, nümayəndə heyətlərinin görüş yeri hələ müəyyən edilməyib.

"Ümid edirik ki, yaxın bir neçə gündə müəyyən fəallıq görəcəyik. Atəşkəsin 42-ci gününə qədər razılığa gəlmək üçün indi başlamağımız çox vacibdir", - Qətərin Baş naziri yekunlaşdırıb.

Qeyd edək ki, fevralın 1-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff ilə Qəzza razılaşmasının növbəti mərhələsi üzrə danışıqlar barədə razılığa gəldiyini bildirib.