02 fevral 2025 14:05
110

İrəvanda səslənən “Qarabağ” sədası Ermənistanı təşvişə saldı  

Ermənistanın Respublika meydanında Güney azərbaycanlılar tərəfindən ifa edilən “Qarabağ” mahnısının videosunun yayılması təcavüzkar ölkəni əməlli-başlə çalxalayıb. Hətta Milli Təhlükəsizlik Xidmətinin təqdimatından sonra ifa edilən “Qarabağ” mahnısının videosunu yayan şəxs – əslən Qarabağdan olan 70 yaşlı alim Qərib Babayan İstintaq Komitəsinin vəsatəti ilə həbs edilib. Amma məhkəmə Qərib Babayanın əməllərində cinayət tərkibli elementlər, irəli sürülən ittihamların ən kiçik əsası belə olmadığını əsas gətirərək onu dünən axşam azadlığa buraxıb, yəni onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti rədd edib. Yeri gəlmişkən, onun müdafiəsinə qalxanlar arasında “Vətən naminə Tavuş” adlı qondarma hərəkatın adını “Müqəddəs mübarizə”yə dəyişən, mahiyyətcə Qarabağ klanının marionetkasına çevrilən, Erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan da olub.

Bəri başdan qeyd edək ki, məhkəmə çox ədalətli addım atıb. Çünki bu təcavüzkar ölkənin baş naziri Nikol Paşinyan özü də bəyan edib ki, Qarabağ Azərbaycanın bir hissəsidir. Bu isə o deməkdir ki, Qarabağ Azərbaycandır. Hətta Paşinyan bu sözləri Ermənistan parlamentində də səsləndirib. Belə olan təqdirdə “Anadır arzulara hər zaman Qarabağ” oxuyanların, onun videosunu yayanların həbsi olunması heç bir məntiqə sığmır. Şübhəsiz, bu, Ermənistanın azərbaycanlılara və ümumilikdə türk mənşəli şəxslərə qarşı sərgilədiyi qeyri-tolerant münasibətin, azərbaycanafobiyanın, bu ölkənin yeritdiy faşist ideologiyasının daha bir bariz nümunəsidir.  Bəli, bu gün də Ermənistanın müxtəlif səviyyəli məmurlarl Azərbaycana nifrət toxumlarını səpməkdə davam edirlər. Çünki bu gün də Ermənistan bu prinsipi özünün həyat kredosu, mübarizə vasitəsi sayır.  Bu, həm də Ermənistan dövlətinin ideoloji xəttidir. Ermənilər həmin xətdən heç cür imtina edə bilmirlər ki, bilmirlər.

Bu fakt həm də onu göstərir ki, Azərbaycan toponimlərini erməniləşdirən, işğal altındakı bölgələrdə, eləcə də Ermənistan ərazisində azərbaycanlıların qəbristanlıqlarını, tarixi-mədəni abidələrini dağıdan haylarda bu gün də Azərbaycan mədəniyyətinə və dilinə qarşı sərt münasibət mövcuddur. Elə ölümcül hərbi sursatlarla sürətlə silahlanmaqda davam edən, Avropa İttifaqının şərti sərhəddə yerləşdirdiyi “mülki missiya”sının fəaliyyət müddətini artıran, amma bölgədə sülh və sabitliyin, əməkdaşlığın mövcud olmasında hamıdan daha çox “maraqlı olduğunu” beynəlxalq ictimai rəyə sırımağa çalışan Ermənistanın sülh danışıqları ilə ələqədar bitib-tükənməyən manipulyasiları da bunu bir daha təsdiqləyir.

Amma bu, bir həqiqətdir ki, “Qarabağ” həqiqətən İrəvanı çalxalayıb. Şübhəsiz, belə çalxalanmalar İrəvanda hələ çox olacaq. Yeri gəlmişkən qeyd edək ki, Qərbi azərbaycanlılarının pozulan hüquqlarının bərpası rəsmi Bakının xarici siyasətinin prioritetlərindən biridir. Odur ki, Qərbi azərbaycanlıların öz yurd-yuvalarına, yəni Ermənistana qayıtmaq istiqamətində əməli addımlar atılır. Bu isə o deməkdir ki, tezliklə nəinki İrəvanı, ümumiyyətlə Ermənistanı belə mahnılar ağuşuna alacaq. Bu mənada Ermənistanın Respublika meydanında Güney azərbaycanlıları tərəfindən ifa edilən “Qarabağ” mahnısını həmin addımların ilk müjdəsi də adlandırmaq olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”