Ötən ay, daha doğrusu, yanvarın 28-də Ermənistanın baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumu çərçivəsində İsveçrədə olarkən, erməni diasporunun təmsilçiləri ilə görüşündə “erməni soyqırımı” ilə bağlı fikirlər səsləndirmişdi: "Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu".
Paşinyanın sözlərindən belə anlaşılır ki, Türkiyə 1952-ci ildə Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olduqdan sonra Sovetlər Birliyinin başbilənləri uydurduqları “erməni soyqırımı”nı bu ölkəyə təzyiq vasitəsi kimi ortaya atıblar. Yəni, bu, sabiq SSRİ-nin anti-Türkiyə fəaliyyətinin nəticəsindən irəli gəlib. Məhz bundan sonra fürsətdən istifadə edən erməni diasporu erməni soyqırımının tanınması və tarixi reallığın təsdiqi istiqamətində kampaniyanı gücləndiriblər.
Amma Nikol Paşinyanın söylədikləri Ermənstanda birmənalı qarşılanmayıb. Hətta təcavüzkar ölkənin bəzi siyasətçiləri onun bildirdiklərini təxribat xarakterli fikirlər kimi dəyərləndiriblər. İddia ediblər ki, bu, açıq şəkildə “soyqırımı” inkar etməklə yanaşı, həm də Türkiyə hökumətinin irəli sürdüyü soyqırımı inkar tezislərinə tamamilə uyğundur. Guya bu, həm də 1,5 milyon soyqırım qurbanının fədakarlığına və inanılmaz hörmətsizlikdir. Onlar eyni zamanda Paşinyanın bu açıqlamasına görə Azərbaycan və Türkiyə mətbuatının şadlıq içərisində olduğunu da bildiriblər.
Hətta “Bəlkə başınıza silah dayamışdılar, sizi soyqırımla bağlı belə açıqlama verməyə məcbur etmişdilər, bəlkə də bu, sülh müqaviləsinin imzalanmasının ilkin şərtlərindən biridir”, - deyə “Hraparak”ın müxbiri Nikol Paşinyandan soruşub. Paşinyan isə deyib ki, heç kim başıma silah dayamamışdı və dayaya da bilməzdi...”
Paşinyanın bu açıqlaması təcavüzkar ölkənin siyasətini dəstəkləyən dövlətlər, həmçinin bəzi təşkilatlar tərəfindən də narazılıqla qarşılanıb. Məsələn, ABŞ-da fəaliyyət göstərən, İrəvanın yalanlarını tirajlamaqla məşğul olan “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu” adlı qeyri-hökumət təşkilatı bildirib ki, guya Paşinyanın mənasız fikirləri ilə alman, britaniyalı, amerikalı və erməni alimləri də daxil olmaqla, erməni “soyqırımı” ilə bağlı onilliklər ərzində aparılmış tarixi araşdırmalara məhəl qoymur, soyqırımı qurbanlarının ədaləti uğrunda davam edən mübarizənin qarşısını alır və təhlükəli geosiyasi dinamika yaradır. Bu qurumun fikrincə, guya hətta Hitlerin özü də erməni “soyqırımı”nın dəhşətinin böyüklüyünü bilirmiş. Qeyd edək ki, bu, həmin Lemkin İnstitutudur ki, qısamüddətli lokal antiterror əməliyyatlarından sonra Qarabağ iqtisadi rayonunda ol¬muş BMT missiyasının Azərbaycan tərəfindən ermənilərə qarşı beynəlxalq hüquq normalarına zidd davranış hallarının daha doğrusu, “etnik təmizləmə”nin qeydə alınmadığını bildirməsindən sonra təşvişə düşmüşdü. Çünki bu hesabat sözügedən qurumun düşündüklərini özündə əks etdirmirdi.
Lemkin institutu Paşinyana belə bir mesaj da göndərməyi unutmayıb: “Biz baş nazir Paşinyandan dilinə daha diqqətli olmasını xahiş edirik. Onun “erməni soyqırımı” ilə bağlı müəyyən edilmiş faktları şübhə altına alan qeyri-müəyyən ritorikası heç bir məhsuldar məqsədə xidmət etmir və Ermənistanın maraqlarını irəli sürmür”.
Əslində isə Paşinyan sadəcə, bu qondarma soyqırımının necə, hansı şəraitdə, nəyə görə ortaya atıldığına aydınlıq gətirməyə çalışıb. Həm də bunun sovet imperiyasının uydurması olduğunu bildirib. Amma görünən budur ki, Nikol “soyqırımı”ndan imtinadan söz açmır, gündəmdən çıxarmağa çalışmır, o, sadəcə bu xəstə ideyanı bir qədər fərqli formada təqdimatına çalışır. Digər tərəfdən, Paşinyanın bu gedişi Ermənistanın Ankara ilə bağlı gözləntilərindən də irəli gələ bilər. Çünki Paşinyan dərk edir ki, saxta soyqırımı iddialarını davam etdirməklə qonşu dövlətlərlə, xüsusilə Türkiyə və Azərbaycanla normal qonşuluq münasibəltəri qurmaq mümkün deyil. Paşinyanın bu fikirlərinin arxasında başqa nüansaların da gizləndiyi şəksizdir ki, bunu da əlahəzrət zaman göstərəcək.
Qvami Məhəbbətoğlu, “İki sahil”