Lüksemburqda yerləşən və Avropa İttifaqın ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin məlumatlarına görə, Tesla Çin istehsalı elektrikli avtomobillərə tətbiq olunan tariflərə dair Aİ Komissiyasının qərarına rəsmi etiraz müraciəti edib.
Belə ki, BYD, Geely, SAIC kimi Çin istehsalçıları və BMW-dən sonra Tesla da Aİ-nin Çin istehsalı elektrikli avtomobillərə yönəlik gömrük vergilərinə qarşı hüquqi mübarizəyə qoşulub.
Məlumat üçün bildirək ki, Tesla Çində yerləşən zavodunda istehsal etdiyi avtomobilləri Avropa bazarına da ixrac edir. Aİ-nin qərarı ilə Tesla-ya digər istehsalçılara nisbətən daha aşağı olan əlavə gömrük vergisi tətbiq olunub.
Qeud edək ki, Aİ Komissiyası keçən ilin oktyabr ayında Çində istehsal olunan elektrikli avtomobillərə qarşı subsidiyalara dair araşdırmasını tamamlayaraq, bu ölkədən Avropaya gətirilən elektrikli avtomobillərə əlavə gömrük vergiləri tətbiq edib.
Bu çərçivədə Aİ mövcud olan 10 faizlik vergi ilə yanaşı, Tesla-nın Çində istehsal olunan modellərinə 7,8 faiz, BYD-yə 17 faiz, Geely-yə 18,8 faiz, araşdırmada əməkdaşlıq edən istehsalçılara 20,7 faiz, SAIC və əməkdaşlıq etməyən digər şirkətlərə isə 35,3 faiz əlavə vergi təyin edib.
Orxan Vahidoğlu, "İki sahil"