24 yanvar 2025 13:40
161

CASCFEN sədri Fazil Mustafa ilə görüşdə bir sıra TƏKLİFLƏR İRƏLİ SÜRÜB - FOTO

Nadir Azəri: Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa təkliflərimizə müsbət yanaşdı

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın qəbulunda olub.

Nadir Azəri “İki sahil”ə bildirib ki, qəbul zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb,  təşkilatın bir sıra təklifləri Fazil Mustafanın diqqətinə çatdırılıb. 

Təkliflərdən biri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin və Azərbaycanda fəaliyyət göstərən Türk dünyası yönümlü QHT-lərin iştirakı ilə konfransın, yaxud dəyirmi masanın keçirilməsi ilə bağlı olub: “Qeyd etdik ki, CASCFEN olaraq bu tədbirin təşkili üçün yaxından fəaliyyət göstərməyə hazırıq. İkinci təklifimiz isə bundan ibarətdir ki, parlamentdə qanunların müzakirəsi zamanı QHT təmsilçiləri də iştirak etsə yaxşı olar. Yəni elə qanunlar var ki, onlar həm də QHT sektorunu, ümumilikdə ictimaiyyəti ciddi şəkildə maraqlandırır. Həmin qanunların müzakirəsində müvafiq sahələr üzrə QHT-lərin iştirakı məqsədəuyğun ola bilər”.

CASCFEN sədrinin növbəti təkilif isə “İctimai iştirakçılıq haqqında” Qanunla bağlı olub: “CASCFEN olaraq hesab edirik ki, qanunda bəzi dəyişikliklərin edilməsi zəruridir. Elə buna görə də Fazil Mustafadan imkan olarsa bu təşəbbüslə çıxış etməsini xahş etdik. Məsələn, mövcud qanundakı boşluqdan istifadə edən bəzi QHT rəhbərləri 3-4, bəzən isə 6 İctimai Şurada təmsil olunur. Bu isə işin effektini azaldır, ictimai nəzarət mexanizmində heç də bütün QHT-lərin iştirak etməməsinə səbəb olur. Yaxud da deyək ki, İctimai Şuralara o sahəyə adiyyatı olmayan QHT rəhbəri seçilir. Odur ki, qanunda bir QHT rəhbərinin yalnız bir İctimai Şurada təmsil olunması şərti qoyulsa çox gözəl olar və bu təklifi də hörmətli Fazil bəyin diqqətinə çatdırdıq. Qeyd edim ki, F.Mustafa təkliflərimizə müsbət yanaşdı”. 

Yeri gəlmişkən, qəbul zamanı F.Mustafaya CASCFEN-in Təşəkkürnaməsi də təqdim edilib: “F.Mustafa komitə sədri olmayan vaxtlarda da hər zaman CASCFEN-ə öz mənəvi dəstəyini göstərib, layihələrimizin icrasında yanımızda olub. O cümlədən “Müasir türk birliyinin kommunikasiya əsasları” layihəsinin icrası zamanı da biz bu dəstəyi gördük. Odur ki, CASCFEN olaraq F.Mustafaya təşkilatın Təşəkkürnaməsini təqdim etdik”.