04 sentyabr 2026 19:54
125

Xortlayan “nagahani ölüm”

II Qarabağ müharibəsi altı il əvvəl qurtarsa da müsibətləri davam etməkdədir. Qovulan Ermənistan ordusunun quldur dəstələrinin boşaltdığı əraziləri minalayaraq qeyri-bəşəri sifətlərini sübut etmişlər. Mina xəritələrinin Azərbaycana verilməməsi nəticəsində yenə də dinc soydaşlarımız həlak olur və yaralanıb şikəst olurlar. İndiyədək 480 nəfərə qədər insan mina partlayışının qurbanı olub. Bu səbəbdəndir ki, əhali ərazilər təmizlənməmiş öz doğma yurdlarına elliklə qayıda bilmir. Odur ki, Azərbaycan hakimiyyəti öz vətəndaşlarının təhlükəsiz qayıdışını təmin etmək üçün ilk növbədə minaların təmizlənməsini təşkil edib. Bu xüsusda danışan Prezidentin xüsusi nümayəndəsi bildirib: “Azərbaycan bu günədək mina təhlükəsi ilə mübarizə səylərinə dəstək vermiş hər bir ölkəyə və təşkilata səmimi minnətdarlığını bildirir. Biz bunu həm bilavasitə zərər çəkmiş insanlara, həm də Azərbaycana göstərilən dostluq və həmrəyliyin əlaməti kimi qiymətləndiririk. Lakin beynəlxalq dəstəyin miqyası hələ də olduqca məhduddur.”

Göründüyü kimi, minaların can alması beynəlxalq ictimaiyyəti də narahat etməkdədir. Azərbaycanda minaların təmizlənməsinə dəstək verən beynəlxalq təşkilatın nümayəndəsi öz fikirlərini belə ifadə edərək bildirib ki, minaların təmizlənməsinə kömək humanizin bariz nümunəsidir: “Azərbaycan minatəmizləmə fəaliyyəti və minaaxtaran itlərin tətbiqi sahəsində milli potensialın uğurlu inkişaf nümunəsinə çevrilib.”

Bu fikri Marşal İrsi İnstitutunun icraçı direktoru Eliza Bekker IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib. Bu, onu göstərir ki, institutun rəhbərliyi minatəmizləmə işində ölkəmizə öz imkanları daxilində kömək əlini uzadır.

Bekkerin sözlərinə görə, Marşal İrsi İnstitutunun Azərbaycanla əməkdaşlığı iyirmi bir il əvvəl başlayıb və bu müddət ərzində Azərbaycanın Minatəmizləmə Agentliyinə (ANAMA) 100-dən

çox təlim keçmiş it verilib. İcraçı direktor bu barədə deyib: "Mənim fikrimcə, bu, minatəmizləmə sahəsində potensialın gücləndirilməsinə yaxşı nümunədir".

Əlbəttə, bu, başqalarına ən yaxşı örnəkdir və tərərifimizdən yüksək qiymətləndirilir. E. Bekker vurğulayıb ki, səmərəli beynəlxalq əməkdaşlıq yalnız resursların və ya avadanlıqların ötürülməsindən ibarət deyil: "O, biliklərin formalaşmasına kömək etməkdən, institutların möhkəmləndirilməsindən və son nəticədə milli məsuliyyətin və müstəqilliyin təmin edilməsindən ibarətdir. Hesab edirəm ki, Azərbaycan belə bir təkamülün gözəl nümunəsidir".

İcraçı direktorun sözlərinə görə, ilkin dəstəyə təlim görmüş itlərin verilməsi, kinoloqların və rəhbərlərin hazırlanması, həmçinin kinoloji qrupların işinə texniki və operativ nəzarət daxil idi: "Milli tərəfdaşımız-ANAMA-yardım alan tərəfdən müstəqil potensial sahibinə qədər yol keçib və daha sonra minaların aşkar edilməsi üçün itlərin tətbiqi sahəsində ekspertə çevrilib".

O həmçinin qeyd edib ki, təkcə son beş ildə Marşal İrsi İnstitutu Azərbaycanda sahə əməliyyatlarında istifadə edilməsi üçün 60-dan çox minaaxtaran it təqdim edib.

Əlbəttə, indiki məqamda bu, xalqımıza böyük hörmət və qiymətli dost köməyidir. Tapılıb çıxarlan və zərərsizləşdirilən bir mina bir insan ömrünü xilas etməkdir. Xilaskar itlər ölkəmizə bədxahlıq edənlərə, müharibə qızışdıranlara ən yaxşı nümunədir. Qan tökülməsinə rəvac verənlər heç olmasa itlərdən nə isə əxz edəydilər.

Vəli İlyasov, “İki sahil”