23 oktyabr 2026 18:14
134

Din və etiqad azadlığı məsələsində qərəzli yanaşma yolverilməzdir

Tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olan Azərbaycan hər zaman dini və etnik müxtəlifliyin qorunmasını, insanlar arasında qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayış ənənələrinin möhkəmləndirilməsini əsas prioritetlərdən biri kimi qəbul edib. Təəssüf ki, bəzi beynəlxalq təşkilatların və onların mandatı çərçivəsində fəaliyyət göstərən ayrı-ayrı nümayəndələrin hesabatlarında bunlar öz əksini tapmır. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyevin BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində din və ya etiqad azadlığı üzrə xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı səsləndirdiyi fikirlər də bunu bir daha sübut edir. Şəhriyar Hacıyev çıxışında Azərbaycanın üzləşdiyi tarixi və humanitar reallıqlara diqqət çəkərək qeyd edib ki, xüsusi məruzəçi ölkəmizlə bağlı əsassız iddialara istinad etdiyi halda, Ermənistanın təxminən 30 illik işğalı dövründə Azərbaycanın dini irsinə qarşı törədilmiş dağıntıları və vandalizm aktlarını hesabatında lazımi şəkildə əks etdirməyib. Diplomatın vurğuladığına görə, işğal dövründə universal dəyərə malik dini irs, o cümlədən İslam dininə aid abidələr qəsdən dağıdılıb və məhv edilib. Ən azı 65 məscid yerlə-yeksan olunub, qəbiristanlıqlar geniş miqyasda dağıdılıb və talan edilib. Hətta ermənilər işğal dövründə məscidlərin bəzilərindən tövlə kimi istifadə ediblər.

Yeri gəlmişkən xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu prosesdə həmin ərazilərdəki dini məbədlərimizin, o cümlədən xristian abidələrinin bərpasına da ciddi önəm verilir. Bu çərçivədə Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, "Saatlı", "Mamayı", "Çöl Qala", Daşaltı, eləcə də Ağdamdakı Cümə və "Qiyaslı" məscidləri ilkin tarixi-memarlıq üslubuna uyğun bərpa edilib, Zəngilan şəhər, Xocavənd rayonunun Hadrut qəsəbə və Ağdərə rayonunun Suqovuşan kənd məscidləri inşa edilərək istifadəyə verilib. Həmçinin Şuşa şəhərində yerləşən “Qazançı”  kilsəsində ilkin orijinal görünüşə uyğun rekonstruksiya və bərpa işləri həyata keçirilib. Hazırda Şuşa, Cəbrayıl və Füzuli şəhərlərində yeni məscidlərin tikintisi davam etdirilir. Şübhəsiz, bütün bunları Azərbaycanın multikultural və tolerant dəyərlərə sadiqliyinin göstəricisi kimi dəyərləndirmək olar.

Bu faktlar Azərbaycanın dini və mədəni irsinə qarşı həyata keçirilmiş vandalizmin miqyasını göstərməklə yanaşı, işğalın insanların mənəvi dünyasına, tarixi yaddaşına və dini dəyərlərinə vurduğu ağır zərbəni özündə əks etdirir. Digər tərəfdən, tarixi faktların görməzdən gəlinməsi, dini irsə qarşı törədilmiş dağıntıların hesabatda lazımi şəkildə əks etdirilməməsi və ayrı-ayrı ölkələrə münasibətdə seçici yanaşmalar beynəlxalq hüququn əsas prinsipləri ilə uzlaşmır. Belə bir vəziyyətdə dini etiqad azadlığı üzrə xüsusi məruzəçinin hesabatında həmin faktların nəzərə alınmaması, əvəzində Azərbaycanla bağlı əsassız iddialara yer verilməsi sənədin obyektivlikdən uzaq olduğunu göstərir.

Şübhəsiz, dini etiqad azadlığı məsələsində tarixi hadisələri və onların nəticələrini nəzərə almamaq beynəlxalq hesabatların etibarlılığına xələl gətirir. Bu mənada xüsusi məruzəçilər öz mandatlarını həyata keçirərkən hər hansı siyasi marağın, birtərəfli yanaşmanın və ya kənar qüvvələrin təsiri altında olmamalıdır. Odur ki, Şəhriyar Hacıyev çıxışında xüsusi prosedurlar çərçivəsində mandat sahiblərinin öz fəaliyyətlərini obyektiv və qərəzsiz şəkildə, kənar müdaxilələrə yol vermədən həyata keçirməli olduqlarını vurğulayıb. Onun fikrincə, dini etiqad azadlığı ilə bağlı problemlərin həlli üçün birtərəfli ittihamlar deyil, obyektiv araşdırmalar, qarşılıqlı dialoq və beynəlxalq hüquqa hörmət əsas götürülməlidir. Çünki bu, yalnız Azərbaycanın mövqeyi deyil, eyni zamanda, beynəlxalq insan hüquqları sisteminin etibarlılığı baxımından da mühüm prinsipdir. Bir sözlə, Şəhriyar Hacıyev xüsusi məruzəçiləri dini etiqad azadlığı ilə bağlı problemlərin həllinə həqiqətən töhfə vermək üçün qərəzli və seçici yanaşmalardan çəkinməyə çağırıb. Bu baxımdan Azərbaycanın nümayəndəsinin xüsusi məruzəçiyə çağırışı əhəmiyyətlidir.

Yeri gəlmişkən, Şəhriyar Hacıyev çıxışında Azərbaycanda dini etiqad azadlığının təmin olunması istiqamətində görülən tədbirlərə toxunaraq ölkədə müxtəlif dini icmaların fəaliyyətinə və dini müxtəlifliyin qorunmasına xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş dini icmaların sayı 994 olub. Onlardan 956-sı İslam, qalanları isə xristian, yəhudi və digər dini icmalarına aiddir. Hazırda ölkədə 2387 məscid, 16 kilsə, 23 ibadət evi, 7 sinaqoq, bir bəhai və bir Krişna ibadət məkanı fəaliyyət göstərir.

Qvami Məhəbbətoğlu, “İki sahil”