Əslən dağlar diyarı Lerik rayonundan olan, Bakı şəhərində dünyaya göz açan Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazovun anadan olmasının 75-ci il gəldi. Bu münasibətlə Masallı rayon Mərkəzi Kitabxanasında “Qəhrəmanlıq zirvəsinə ucalanlar” adlı tədbir baş tutdu.
Tədbir kitabxananın əməkdaşı Lətafət Əlirzayevanın çıxışı ilə başlandı. O, dedi:- Cəmi 41 il yaşamış və ömrünün 20 ilini fasiləsiz olaraq Azərbaycan Teleradio şirkətində operator peşəsində çalışmış Fəxrəddin Şahbazovun 75 yaşına yığışmışıq. Son dərəcə vətənpərvər, işinin peşəkarı kimi tanınan Fəxrəddin cəbhə bölgəsində dəfələrlə təhlükə ilə üzləşsə də, reportajlar vasitəsilə həqiqətləri ölkə ictimaiyyətinə çatdırırdı. O, öz həyatının mənasını xalqına, Vətəninə təmənnasız xidmətdə görürdü. Qərinələr keçəcək, onun şərəfli ömür yolu gələn nəsillərə də örnək olacaq.
Sonra kitabxananın digər əməkdaşı Rəşad İsmayılov məruzəsində bildirdi ki, Fəxrəddin Şahbazov 1991-ci ilin noyabrın 20-də dövlət nümayəndələri ilə birlikdə ermənilərin dinc əhaliyə qarşı törətdiyi qırğını araşdırmaq üçün Mİ-8 helikopterilə Xocavəndə yola düşdü. Qarakənd yaxınlığında düşmənin atəşi nəticəsində bütün heyətlə birlikdə şəhid oldu.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 4 dekabr tarixli fərmanına əsasən Fəxrəddin Şahbazova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Milli Qəhrəman Bakının ən uca yerində- Şəhidlər xiyabanında dəfn edilib. Lerik rayonunun Kəlvəz kənd tam orta məktəbi şəhidin adını daşıyır, Xırdalanda, İmişlidə, eləcə də paytaxtın Rəsulzadə qəsəbəsində adına küçə vardır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü