23 yanvar 2025 00:25
86

Davos Forumu ölkəmizlə yeni münasibətlər qurmaq istəyən tərəfdaşlar üçün bir platformadır

Əsasən iqtisadi məsələlərin müzakirə edildiyi Davos İqtisadi Formunun siyasi əhəmiyyəti də böyükdür. Yanvarın 20-də  “Ağıllı Əsr üçün Əməkdaşlıq” mövzusunda öz işinə başlayan Forumda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı iştirak edir. Dünya liderlərinin iştirakı ilə qlobal çağırışlar və onların həlli imkanları araşdırılır. Daha dəqiq ifadə etsək, dünya iqtisadiyyatında yeni texnologiyaların tətbiqi, insan kapitalının inkişafına investisiya qoyuluşu, iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyi,  sosial və iqtisadi dayanıqlıq əsas müzakirə mövzularıdır.  Davos İqtisadi Forumunda iştirak Azərbaycan üçün müntəzəm xarakter daşıyır. Azərbaycanın tarixi Zəfəri, dövlətimizin hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər istiqamətlərində əldə etdiyi uğurlar qədər bütün forumlar zamanı bizə göstərilən münasibət onun gücündən və nüfuzundan xəbər verir. Dövlətimizin başçısının Davosda keçirdiyi görüşlər, verdiyi müsahibələr, iclaslardakı çıxışları Forumun əhəmiyyətini daha da artırır. Forumun hər iclasına qatılan Prezident İlham Əliyevin çıxışları böyük maraqla izlənilir. Azərbaycan Prezidenti ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, idarəetmədəki yeniliklər barədə həm mətbuata müsahibələrində, həm də iclaslardakı çıxışlarında geniş məlumat verir. Strateji nəqliyyat qovşağının yaradılması, enerji sektorunda, xüsusilə də yaşıl enerjiyə keçidlə bağlı görülən işlər, neft və qeyri-neft sektorunun inkişafı üçün yaradılan investisiya mühiti barədə iştirakçılar bilgiləndirilir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirib ki,  Davosda qarşı tərəflərin istəyi ilə keçirilən görüşlər Azərbaycan Liderinin böyük nüfuzunun göstəricisidir: “Dünyanın fərqli regionlarında və əldə edilən sektoral uğurlara baxmayaraq, bütövlükdə dünya nizamının qeyri-effektivliyinin şahidiyik. Şübhəsiz ki, həmin bu mövcud nizam müharibə və münaqişə ocaqlarının artması ilə müşahidə olunur. Təbii ki, iqtisadi olduğu qədər, siyasi çətinliklər də mövcuddur. Bütün bu reallıqlar fonunda dünyanın gözü ABŞ-ın yeni administrasiyasına yönəlib. Bu administrasiyanın xüsusən də ticarət sahəsində əhəmiyyətli siyasi dəyişikliklər təqdim edəcəyi proqnozlaşdırılır. Dünya nizamının oturuşması istiqamətində də qeyri-müəyyənlik mövcuddur. Məsələn,  bir qədər araşdırdığımız zaman görürük ki, baş iqtisadçılar tariflərin və gərginliyin “xüsusilə mürəkkəb” ilini gözlədiklərindən xəbər verirlər. Lakin bütün bu bədbin proqnozlar fonunda cənab Prezident İlham Əliyevin son çıxışlarına nəzər yetirmək kifayətdir ki, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı son dərəcə nikbin bir ilin qarşıda bizi gözlədiyindən xəbərdar olasan. Budəfəki illik toplantıda dünya liderlərinin əsas diqqətində  olan məsələ siyasətçilərin daha sürətli artımı təmin etməyin yeni yollarını müəyyən etməkdə onların məhz yaradıcı təşəbbüslərlə çıxış etmələridir. Təbii ki, bu istiqamətdə Azərbaycan Liderinin təşəbbüskar olaraq təklif etdiyi məsələlər, amillər dünyanın gündəliyinə salınır. Eyni zamanda, məsələ ondan ibarətdir ki, ölkələrin dəyişdirilə bilməyəcəyi bir neçə reallıq var. Məsələn, biz coğrafi mövqe, sahib olduğu təbii sərvətləri və bunları idarə etmək üçün yürüdülən siyasəti vurğulamalıyıq. Reallığı imkana, üstünlüyə çevirmək çox vacib bir məsələdir. Azərbaycan Lideri ələ düşən fürsətləri imkan, fürsət kimi dəyərləndirir və təbii ki, atdığı addımlarla həm öz ölkəsinə dividendlər qazandırır, həm də  ölkəmizin yerləşdiyi regiona. Azərbaycan Prezidenti həm də dünya birliyini narahat edən məsələlərlə bağlı çıxış edir. Cənubi Qafqazın lider ölkəsi mövqeyinə malik Azərbaycandır. Bu gün texnologiyanın səmərəliliyini artırmaq, davamlılığı təşviq etmək və beynəlxalq ticarətdə inklüzivliyi təşviq etmək əsas istiqamətlərdən biridir. Ənənəvi resurslarla yanaşı, bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi əsas hədəflərdən biridir. Bir digər əhəmiyyətli məsələ də aşağı karbonlu iqtisadiyyatın maliyyələşdirilməsi dövrümüzün müəyyənedici problemlərindən biridir. Azərbaycan bu istiqamətdə kapital və biznes sahəsində önəmli layihələrlə çıxış edir. Davos İqtisadi Formunun siyasi əhəmiyyəti də böyükdür. Forum siyasətçilər, dövlətlər, qeyri-dövlət aktorları, sosial tərəfdaşları cəmləyən bir forumdur. Bütün forumlar zamanı görürük ki, Azərbaycana, onun Liderinə çox böyük hörmət var və dövlət başçımızla görüşmək istəyən şəxslərin sayı hər il olduğu kimi, bu il də çoxdur. Forum zamanı cənab Prezident İlham Əliyevin qarşı tərəflərin istəyi ilə keçirdiyi görüşlər Azərbaycana, onun Liderinə olan böyük etimadın göstəricisidir. Dövlətimiz bu etimadı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində qazanıb.

Şəmsiyyə Əliqızı, “İki sahil”