22 yanvar 2025 18:07
109

Azərbaycan-Gürcüstan: İki qonşu və tərəfdaş ölkələr

Azərbaycanın xarici siyasətində qonşu Gürcüstanla əlaqələrin gücləndirilməsi önəmli yer tutur. Bir neçə gün öncə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfər etməsi əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətlidir.

Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə birgə icra olunan layihələr həm bu ölkənin regional mövqeyinin artmasına, həm də iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə və inkişafına töhfə verməkdədir. Respublikamızın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri bütünlüklə regional əməkdaşlığın genişlənməsi ilə yanaşı, qonşu dövlətin də dünya iqtisadiyyatına inteqrasiyasına dərin yol açır, qlobal bazarlara bağlayır. Bu baxımdan, Azərbaycanın müəllifi olduğu nəhəng enerji-nəqliyyat-kommunikasiya dəhlizləri Gürcüstan üçün böyük önəm kəsb edir.

Ölkəmiz öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Dövlətimizin başçısı vurğulayıb: “Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır. Bununla paralel olaraq, biz sizinlə birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var”.

 Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var, xalqlarımızı uzun əsrlərə söykənən tarixi bağlılıq da birləşdirir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də qeyd edib ki, bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır.

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələr iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının da inkişafını təmin etməkdədir. Hazırda iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dollara yaxındır ki, onun da əsas hissəsi Azərbaycanın ixracıdır. Bu rəqəmlər bir daha təsdiq edir ki, qonşu ölkənin iqtisadi-ticari təminatının böyük bir qismi Azərbaycan tərəfindən həll edilir. Eyni zamanda, Gürcüstanın enerji, nəqliyyat, infrastruktur, yanacaq, kommunikasiyalar və s. sahələrində inkişaf layihələri də Azərbaycanın maddi dəstəyi ilə həyata keçirilməkdədir. İnvestisiya sahəsində əməkdaşlığın yaxşı dinamikasının nəticəsidir ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub.

Hər iki ölkə qlobal əhəmiyyətli nəqliyyat dəhlizləri üzərindən aparılan yük daşınmalarının intensivliyini daha da artırmaq üçün infrastrukturları müasirləşdirir, o cümlədən nəqliyyat qovşaqlarını rəqəmsallaşdırır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur ki, bu da beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi fonunda Gürcüstanın beynəlxalq nəqliyyat qovşaqlarına çıxışını daha da asanlaşdıracaq. Yeni İpək Yolunun Orta Dəhlizində öz strateji mövqeyini artıran Azərbaycan nəqliyyat sistemlərinin ötürücülüyünün daha da güclənməsində və şaxələnməsində xüsusi təşəbbüskarlıq etməklə yanaşı, Gürcüstanın da Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində rolunu artıracaq. Nəticədə də bölgədə nəqliyyat-logistika zənciri daha da genişlənməklə, Cənubi Qafqazın hər iki ölkəsini inkişaf etmiş mərkəzə çevirəcək, Şərq və Qərb arasında geosiyasi mövqeyini gücləndirəcək. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya “yaşıl enerji” körpüsünün salınması müasir iqtisadi fraqmentasiyaları formalaşdırır.

Ümumiyyətlə, Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla, Cənubi Qafqazın transformasiyasına xidmət edir, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdirir.

Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri