Tacir İntiqam oğlu Eminov 44 günlük haqq savaşımızda Vətəninin yaşaması naminə ömrünün 19-cu ilində canını ona fəda edib. Onun bu hünəri bütöv bir xalqın qəhrəmanlıq simvoluna dönərək tarixə yazılıb. Nəticədə Tacir cismən aramızdan getsə də, milyonların ürəyində özünə yer etməklə günəş ömrü qazanıb. Fəqət, qərinələr keçəcək yenə də Vətən sevdalısı Tacirin şərəfli həyat yolu gələn nəsillərə örnək olacaqdır...
Doğma Azərbaycanın daşını, torpağını qəlbən sevib onun yolunda qurban gedən Tacir Eminov 2001-ci il dekabrın 31-də Cəlilabad rayonunun Sadatlı kəndində anadan olub. Tacir etibardan, düz ilqardan ürəklərə yol ala-ala müstəqil həyata qədəm qoyub. Eldə nəciblik, halalıq, doğma Vətənə, torpağa ülvi məhəbbət onu gələcəyə doğra aparıb. Bir də yağıya əsir düşən Qarabağımızı azad görmək Tacirin bütün arzularının zirvəsində dayanıb. Odur ki, əsgərliyə yola düşəndə yağıdan qisas alacağına and içib.
Tacir Eminov cəbhə bölgəsində Vətən qarşısında borcunu ləyaqətli övlad kimi şərəflə yerinə yetirib, xidmət etdiyi hissədə böyük hörmət qazanıb. Vətəni necə sevməyi, halal torpağı canı bahasına qorumağı ondan öyrənənlər də olub. Həmişə deyib ki, doğma Azərbaycanın hər qarışını qorumaq, bu yolda şəhid olmaq bir övlad kimi bizim müqəddəs borcumuzdur.
Tacir orduda xidmət etdiyi zaman arzuladığı müharibə başlayıb. İlk gündən 30 il əsir düşən Qarabağımızın azad olunması uğrunda ölüm-dirim savaşına qatılıb. Hər döyüşdə də Vətənə sevgisi Tacirlə birgə addım atıb. Odur ki, bir çox ciddi sınaqlardan alnıaçıq çıxmaqla hünəri onunla çıyin-çiyin vuruşan yoldaşlarını heyran qoyub. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə sözün əsl mənasında erməni dığalarına qan uddurub. 2020-ci ilin 6 oktyabrı isə qəhrəman Vətən sevdalısının son döyüşü olub. Yağı düşmən bu dəfə onun ürəyini nişan ala bilib.
Əsl qəhrəman kimi bu dünyadan köçən Tacir Eminov həm də dövlət tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü" və digər medallara layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü