Son günlər bəzi mənbələrdə Bakı şəhərində yumurta qıtlığının yaranmasına dair məlumatlar yayılır. Bir çox hallarda bu məlumatlar konkret bir vaxtda bir marketdə yumurtanın olmaması faktına əsaslanır.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından "İki sahil"ə bildirilib ki, hansısa bir marketdə müəyyən vaxtda yumurtanın olmaması qıtlıqdan xəbər vermir. Son həftələrdə Azərbaycanda yumurtanın ciddi ucuzlaşması baş verib. Bir çox marketlər bol məhsulu satmaq üçün onu 6-7 qəpiyə təklif ediblər. Nəticədə, marketlərdəki yumurtalar sürətlə satılıb, yerinə təzə məhsul gətirilənə qədər olan qısa müddətdə satışda yumurta olmayıb.
Məlumat verilib ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır. Faktiki istehsal isə 6 milyon civarındadır. Bu istehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 40-50 milyon ədədə qədər yumurta var. Bu bolluğun nəticəsidir ki, son həftələrdə qiymətlər 13-14 qəpikdən 8-9 qəpiyə qədər ucuzlaşıb. Halbuki ötən ilin bu vaxtında qiymətlər 15-16 qəpik idi.
Məhz məhsul bolluğuna görə maya dəyəri 12-14 qəpik olan yumurtanın qiyməti 8-9 qəpiyə qədər ucuzlaşıb: İstehsal tələbatdan yüksək olduğu üçün reallaşdırılmasında çətinliklər var.
APEPEA bəyan edib ki, heç bir kütləvi tələfat halı qeydə alınmazsa, mövcud istehsal gücləri ilə 2025-ci il ərzində hər hansı yumurta qıtlığı və ya bahalaşma gözlənilmir.