20 yanvar 2025 14:13
96

Moldova Prezidenti Dnestryanı bölgəyə energetika böhranını aşmaq üçün kömək etməyə hazır olduğunu bildirib

Moldova enerji böhranından çıxmaq üçün tanınmamış Dnestryanı bölgəsinə təcili yardım göstərməyə hazırdır. Gələcəkdə beynəlxalq tərəfdaşların iştirakı ilə maliyyə dəstəyinin mümkünlüyü nəzərdən keçirilir.

“İki sahil” “NewsMaker”ə istinadla xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu bildirib.

“Biz təklifimizi bir daha təkrar edirik, o cümlədən göstərə biləcəyimiz yardımı, generatorlar, tibbi yardım, dərmanları - bu müddət ərzində insanların ehtiyac duyduğu hər şeyi təklif edirik”, -deyə o qeyd edib.

Sandu əlavə edib ki, Rusiya hərbçilərinin bölgədən çıxarılması şərti ilə maliyyə yardımı mümkündür.

“Lakin bu, Rusiya ordusunun ölkədən çıxarılmasından və “sülhməramlı” missiyanın BMT və ya Aİ-nin himayəsi altında mülki missiya ilə əvəzlənməsindən sonra mümkün olacaq. Bunlar bizim əhəmiyyətli yardım göstərə biləcəyimiz əsas şərtlərdir... Bu yardım inkişaf tərəfdaşlarımızdan gəlməlidir, çünki biz hələ də çətin maliyyə vəziyyətindəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Ukrayna yanvarın 1-dən Rusiya qazının Moldova və Aİ ölkələrinə tranzitini tamamilə dayandırıb. Eyni zamanda Dnestryanı istiliksiz və isti susuz qalıb.