20 yanvar 2025 14:59
115

Qlobal çağırışların müzakirə olunduğu platforma - Davos İqtisadi Forumu

Prezident İlham Əliyev ardıcıl iştirak etdiyi Davos İqtisadi Forumunda qlobal gündəliyin formalaşmasında mühüm rol oynayır

Yanvarın 20-dən 24-dək İsveçrədə Davos İqtisadi Forumu keçiriləcək. Məlumata görə, bu Forum qlobal çağırışları həll etmək və yaranan imkanları araşdırmaq üçün 350 hökumət nümayəndəsini, 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın liderini bir yerə toplayacaq. Tədbirdə yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi kimi məsələlər gündəmdə olacaq. Davos Dünya İqtisadi Forumunda "COP30-a gedən yol" mövzusunda panel müzakirə də  keçiriləcək. Müzakirəyə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev də qoşulacaq.

Davos Dünya İqtisadi Forumu ölkəmizin imkanlarının təbliği üçün ən yaxşı platformalardan biridir

Bəri başdan qeyd edək ki, Prezident İlham Əliyev bu tədbirlərdə ardıcıl iştirak edir. Bu mənada dövlətimizin başçısı Dünya İqtisadi Forumunun fəal iştirakçısı kimi artıq bu qurumun tarixinə düşüb desək, yanılmarıq. Hətta Prezident İlham Əliyev bu platformada qlobal gündəliyin formalaşmasında, həmçinin bir sıra qərarların qəbul olunmasında birbaşa iştirak edir. O, həmçinin bu mötəbər tədbirin tribunasından Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Bu mənada Davos Dünya İqtisadi Forumu ölkəmizin imkanlarının təbliği üçün ən yaxşı platformalardan biridir. Prezidentimiz də bu imkanlardan məharətlə istifadə edir. Bu da təbii ki, ölkəmizin müsbət şəkildə imicinin formalaşdırılması, daha geniş arenada tanıdılması üçün çox yaxşı effekt verir. Qeyd edək ki, ötən il Davos Dünya İqtisadi Forumunda parçalanmış dünyada təhlükəsizlik və əməkdaşlığa nail olunması, müasir dövrdə iqtisadi artım, yeni iş yerlərinin yaradılması, süni intellekt iqtisadiyyatının cəmiyyə¬tin hərəkətverici qüvvəsinə çevrilməsi, həmçinin iqlim dəyişikliyi üzrə uzun¬müddətli strategiyanın hazırlanması ilə yanaşı, COP29-un Azərbaycanda keçirilməsi, eləcə də  ölkəmizin malik olduğu yaşıl enerji potensialı kimi prioritet məsələlər də müzakirə edilmişdi.  Məlumat üçün bildirək ki, ölkəmizin Davos İqtisadi Forumu  iştirakı ötən əsrin 90-cı illərinin ortalarından başlayıb. 1995-ci il yanvarın 27-31-də Prezident Heydər Əliyev ilk dəfə olaraq forumda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Həmin tədbirdə Ulu Öndər respubli¬kamız haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Bir məsələni də vurğulayaq ki, dövlətimizin başçısı İlham Əliyev bu mötəbər tədbirin arzuolunan dövlət rəhbərlərindən biridir. Elə İsrail Prezidenti İsxak Hersoqun ötən ilin dekabr ayında Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar ünvanladığı təbrik məktubu da bunu bir daha təsdiqləyir.  Belə ki, həmin məktubda bu sözlər də yer alıb: “Əlbəttə, mən də Sizi növbəti dəfə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda görməyi səbirsizliklə gözləyirəm”. Şübhəsiz, bu fakt həm də hər şeydən əvvəl Azərbaycanın dünyada əsas iqtisadiyyat partnyorlarından birinə çevrildiyinin, həm də ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun və hörmətinin artmasının real göstəricisidir. Digər tərəfdən, bu həm də o deməkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar beynəlxalq təşkilatlar və qlobal şirkətlər tərəfindən yüksək qiymətləndirilir. 

Davos İqtisadi Forumu dövlətimizin beynəlxalq iqtisadi münasibətlərinə yeni nüanslar əlavə edir

Bəli, bu gün ölkəmizdəki iqtisadi inkişaf, sabitlik bütün dünyada təqdir edilməkdədir. Şübhəsiz, bu Davos İqtisadi Forumu da ölkəmizin iqtisadiyyatına, biznes əlaqələrinə, ümumilikdə isə dövlətimizin beynəlxalq iqtisadi münasibətlərinə yeni nüanslar əlavə edəcək və  bu da ölkə iqtisadiyyatının gələcək inkişafını daha sürətləndirəcək.  Bütün bunlar da vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasına növbəti töhfə verəcək. 
Yeri gəlmişkən qeyd edək ki, öz tarixi ərzində Dünya İqtisadi Forumu  yalnız iki dəfə Davosdan kənarda keçirilib ki, onlardan birinə ABŞ, digərinə isə 2013-cü ildə Azərbaycan ev sahibliyi edib. Açılış mərasimində çıxış edən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab Bakıda keçirilən Dünya İqtisadi Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını demiş və tədbirin yüksək səviyyədə təşkilinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirmişdi. Şübhəsiz, bunu beynəlxalq qurumun ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara, eləcə də Prezident İlham Əliyevə verdiyi yüksək tarixi bir dəyər kimi qiymətləndirmək olar.  

Qeyd edək ki, 1971-ci ildə təşkil yaradılan Dünya İqtisadi Forumu qtisadi xarakter daşımasına baxmayaraq, dünya siyasətinə, beynəlxalq münasibətlərə də ciddi təsir göstərə bilir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Qvami Məhəbbətoğlu, “İki sahil”