Seneqal Fransa qoşunlarının ölkədən çıxarılmasını 2025-ci ilin yayında başa çatdırmağı planlaşdırır.
“İki sahil” Seneqalın Dövlət Xəbər Agentliyinə (APS) istinadən xəbər verir ki, Fransa bu ilin yayında Seneqalda yerləşən daimi hərbi bazalarını bağlamağa hazırlaşır.
Seneqal və Fransa hakimiyyətləri bu müddətə qədər bütün hərbi hissələrin çıxarılması prosesini həyata keçirmək üçün dialoqa başlayıb.
Seneqalın Baş naziri parlamentdə çıxışı zamanı ölkədəki bütün xarici hərbi bazaların tezliklə bağlanacağını elan edib. O bildirib ki, bu addım ölkənin milli suverenliyini gücləndirmək və dövlət siyasətini irəli aparmaq məqsədini daşıyır.
Seneqal Prezidenti Bassiru Diomey Fey də əvvəlki açıqlamalarında yaxın gələcəkdə ölkədə fransız əsgərlərinin olmayacağını vurğulayıb. O, noyabr ayında fransız mətbuatına açıqlamasında deyib: “Seneqal müstəqil, suveren ölkədir və suverenlik xarici hərbi bazaların mövcudluğunu qəbul etmir”.
Lokal mənbələrə görə, Seneqalda hazırda 350 hərbçinin yerləşdiyi 3 Fransa hərbi bazası var. 2011-ci ildə imzalanmış müqaviləyə əsasən, Fransanın çıxışı üçün ən azı altı ay əvvəl xəbərdarlıq edilməlidir.
Qeyd edək ki, Fransa daha əvvəl Mali, Burkina-Faso, Niger və Çad kimi ölkələrdən çıxmaq məcburiyyətində qalmışdı. Kot d'İvuar Prezidenti Alasana Uattara isə ölkəsindəki fransız hərbi bazalarının idarəsinin Kot d'İvuar ordusuna keçəcəyini açıqlamışdı.