18 yanvar 2025 13:40
119

Qan yaddaşımız - 20 Yanvar

Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi, həmçinin 20 Yanvar Bakı faciəsi - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları Bakı şəhərinə daxil oldular. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Bu, totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. 20 Yanvar faciəsi öncədən hazırlanmış cinayət idi. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda və digər bölgələrdə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Bu faciə təkcə ağrı dolu xatirələrlə deyil, həm də xalqımızın azadlıq ideallarına sadiqliyinin simvolu kimi yaddaşlarda qalır.

20 Yanvar hadisələrinə dövlət səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra verildi. Ulu Öndərin 5 yanvar 1994-cü il tarixində imzaladığı “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərmana əsasən, Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət aktı kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. Həmçinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsi gücləndirildi.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yenidən qurulub, “20 Yanvar” dairəsində şəhidlərin memorial abidə kompleksi ucaldılıb. 2006-cı il yanvarın 19-da 20 Yanvar şəhidlərinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. 20 Yanvar faciəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial təminatı hər zaman prioritet məsələlərdən biri olub. Bu kateqoriyadan olan şəxslərə verilən təqaüd və müavinətlərin mütəmadi artırılması onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. 20 Yanvar hadisələri tariximizin həm ağrılı, həm də qürurverici səhifələrindən biridir.

Vəfa Şərifova,
287 nömrəli Zəkalar liseyinin fizika müəllimi