Azərbaycan və Ermənistan sülh sazişi üzrə danışıqlarda ciddi irəliləyiş əldə ediblər. Amma Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var ki, bu da sülh prosesindəki əsas maneədir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilk gündən münaqişənin əsas səbəbi olub.
Bir daha xatırladaq ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik bəyannaməsinə istinad var, hətta sənəddə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın tərkib hissəsi elan olunub. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları götürülməlidir. Yəni, Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.
Doğrudur, hayların rəsmiləri konstitusiyanın dəyişdirilməsinin vacibliyini bir neçə dəfə dilə gətiriblər. Hətta Azərbaycanın konstitusiya dəyişikliyi ilə bağlı tələbi baxımından ən açıq mövqeni Ermənistanın baş naziri Nikol Paşinyan özü səsləndirib. Üstəlik, o, ötən il yeni konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaradılması barədə sərəncam da imzalayıb. Amma bu istiqamətdə indiyədək heç bir əməli addım atılmayıb.
Bu günlərdə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bir daha bu məsələyə qayıdıb. Bildirib ki, bizim əsas vəzifəmiz 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər yeni konstitusiyanın mətnini hazırlamaqdır. Hazırkı konstitusiyada nə səhv var, sualına isə nazir belə cavab verib: “Həll edilməli olan çoxlu məsələlər var. Bizim vəzifəmiz ondan ibarət olmalıdır ki, konstitusiyanın çox yığcam, lakin mahiyyətcə düzgün mətni olsun. Gələcəkdə qanunların dəyişdirilməsi məsələləri qaldırılacaq ki, hər şeydə konstitusiyaya istinad edilməsin”. Amma o, bir vacib məqama belə aydınlıq gətirib: “Vurğulamaq istəyirəm ki, sülh gündəliyi ilə bağlı məsələlərlə bağlı konstitusiyaya dəyişiklik ediləcək heç nə yoxdur”. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycana qarşı Ermənistan konstitusiyasında açıq ərazi iddiası ilə yanaşı şovinist, millətçi ideyalar da öz əksini tapıb. Bakı haqlı olaraq həmin məsələlərin həllini tələb edir, amma Ermənistan hələ də bu vacib məsələyə barmaqarası yanaşır. Bununla da özünü beynəlxalq aləmə “sülh göyərçini” kimi göstərməkdə israrlı olduğunu nümayiş etdirir. Şübhəsiz, Ermənistan bu kimi addımları ilə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətindədir. Yəni, guya sülh prosesində konstruktiv iştirak etdiyini göstərmək istəyir, əslində isə vaxtı uzadır və sülh prosesini dalana dirəyir.
Halbuki, rəsmi Bakı sülh üçün təminat axtarışındadır və sülh üçün səmimiyyətin başlıca faktor olduğu qənaətindədir. Ermənistan isə otuz ilə yaxın müddətdə işğalçılıq siyasəti gerçəkləşdirən ölkə olaraq, bir daha buna yol verməyəcəyinə dair həm siyasi, həm də mənəvi öhdəlik götürməlidir. Götürəcəkmi? Başqa sözlə desək, Nikol Paşinyan hakimiyyəti Bakının tələbinə əsasən konstitusiyasından və digər qanunvericilik aktlarından ölkəmizə qarşı olan ərazi iddiaları ilə bağlı müddəaları çıxaracaqmı? Şübhəsiz, bunu zaman göstərəcək. Amma görünən odur ki, haylar bu gün yalnız və yalnız mənasız söhbətləri dövriyyəyə buraxıblar. Bir də görünən odur ki, bu gün rəsmi İrəvan bir tərəfdən sülhdən danışır, bir tərəfdən sürətlə silahlanır, digər tərəfdən də bölgədə möhkəmlənmək istəyən və bu niyyətlə Ermənistandan alət kimi istifadə edən havadarlarının, yəni Avropa İttifaqının və bütövlükdə Qərb dünyasının çaldıqları havalara oynayır. Bütün bunlar isə təcavüzkar ölkəyə yaxşı heç nə vəd etmir.
Qvami Məhəbbətoğlu, “İki sahil”