18 yanvar 2025 12:38
94

20 Yanvar: qanla yazılmış şərəfli tarix

 Azərbaycan xalqının tarixində fəxrlə yad olunan, qürurla xatırlanan, gələcək nəsillərə örnək olan, ləyaqətlə anılan günlərin sayı olduqca çoxdur. Lakin bunların içərisində elə bir gün vardır ki, üzərindən 35 il keçməsinə baxmayaraq hələ əsrlər boyu qanla yazılmış Şərəfli Tarix kimi yaddaşlarda yaşayacaq, insanlara dövləti, milləti, müstəqilliyi qorumağın böyük qurbanlar bahasına başa gəldiyini, dəyərini xatırladacaqdır.

1990 – cı ilin yanvar ayının 19 – dan 20 – ə keçən gecə, Sovet hakimiyyətinin Azərbaycana qarşı həyata keçirdiyi qanlı əməliyyat nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi, yaralandı və repressiyaya məruz qaldı. Bu hadisə Azərbaycanın azadlıq mübarizəsi tarixində unudulmaz bir səhifə olmaqla yanaşı, Sovet rejiminin insan haqlarını kobud şəkildə pozduğunu sübut edən dəhşətli bir cinayət idi.

1987-ci ildən başlayaraq, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri gərginliyi artırmışdı. Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı vəhşiliklə doğma yurdlarından qovuldu, onların evləri, əmlakları talandı. Eyni zamanda, Ermənistanda yaşayan azərbaycanlılara qarşı milli zəmində diskriminasiya və zorakılıq həyata keçirildi.

Sovet rəhbərliyi isə  bu hadisələrin qarşısını almaq əvəzinə, Ermənistanı dəstəkləyərək Azərbaycanın suverenliyinə və xalqın hüquqlarına qarşı çıxış etdi. Azərbaycan xalqının hüquqlarını qorumaq və müstəqillik tələblərini irəli sürmək üçün təşkil olunan dinc mitinqlər isə daha böyük repressiyaların başlanğıcına çevrildi.

Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin Azərbaycana qarşı tətbiq etdiyi “Bakı əməliyyatı” əvvəlcədən planlaşdırılmış bir hərbi müdaxilə idi. Bu əməliyyatda iştirak edən hərbi birliklərin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan cəlb edilmiş erməni zabit və əsgərləri də daxil edilmişdi. Hətta hərbi məktəblərdə təhsil alan erməni kursantları belə bu əməliyyat üçün səfərbər olunmuşdu.

Bakı əməliyyatı” SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini Filip Babkov tərəfindən idarə olunurdu. Fövqəladə vəziyyət rəsmi olaraq yanvarın 20-də saat 00:00-da elan edilsə də, qoşunlar artıq yanvarın 19-u axşam saat 21:00-dan şəhərə daxil olmuşdu. Yanvarın ortalarında SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin 66 min nəfərdən çox hərbçisi Bakıya göndərildi. Bu qoşunlar “Qala” və “Nasoslu” aerodromlarında, Respublika stadionunda və Salyan kazarmasında yerləşdirildi.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyi, Mixail Qorbaçovun birbaşa əmri ilə Azərbaycanda dəhşətli bir hərbi cinayət həyata keçirdi. Bakıda və Azərbaycanın bir neçə rayonunda fövqəladə vəziyyət elan edilmədən əvvəl ağır silahlar və tanklarla qoşun yeridildi. Dinc əhali silahsız olmasına baxmayaraq, atəşə tutuldu. Hərbi qüvvələr insanlara tanklarla hücum edərək mülki şəxsləri xüsusi qəddarlıqla qətlə yetirdi. Həmin gecə 82 nəfər öldürüldü, 20 nəfər ölümcül yaralandı. Xüsusilə qadınlar, uşaqlar və yaşlılar bu vəhşiliyin qurbanları oldu. 20 yanvar 1990-cı il səhər saat 5:30-da Bakı şəhərinin komendantı V.Dubinyak radio vasitəsilə fövqəladə vəziyyət elan edildiyini rəsmi olaraq bildirdi. Halbuki, hərbi əməliyyatlar artıq yanvarın 20-də gecə yarısı başlamış və saat 00-dan etibarən ağır texnikalarla dinc əhali amansızcasına qətlə yetirilmişdi.

Sovet ordusu tanklar, zirehli döyüş maşınları və Xəzər Hərbi Donanmasına aid desantlarla şəhərə daxil oldu və dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirdi. Fövqəladə vəziyyətin elan olunmasından sonra belə cinayətlər davam etdi: 20 yanvar və sonrakı günlərdə Bakıda 21 nəfər öldürüldü. Fövqəladə vəziyyətin tətbiq edilmədiyi bölgələrdə isə faciələr yaşandı: yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər həyatını itirdi. Ümumilikdə, bu dəhşətli hadisələrdə 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi.

Faciə yalnız insan itkiləri ilə məhdudlaşmadı eyni zamanda  dövlətə və şəxsi əmlaka 5.637.286 rubl miqdarında ziyan vuruldu. 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları məhv edildi. Bu qətliam, Sovet imperiyasının Azərbaycanda insan haqlarını necə kobud şəkildə pozduğunu bütün dünyaya göstərdi. 20 Yanvar hadisələri nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Azərbaycanda bütün siyasi və hüquqi dayaqlarını itirdi. Azərbaycan xalqının Sovet rejiminə və Kommunist Partiyasına qarşı nifrəti ən yüksək səviyyəyə çatdı. Hadisələrdən sonra Sov.İKP-nin üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq təşkilatı tərk etdilər.

Qanlı Yanvar hadisəsi Azərbaycanın azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildi. Elə məhz bu dəhşətli faciəvi gündən sonra xalqımız öz azadlığı uğrunda mübarizəsini daha da gücləndirərək Sovet rejiminin haqsızlıqlarına qarşı üsyanını daha da alovlandırdı və nəticədə 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan öz müstəqilliyini elan etdi.

Heydər Əliyev 21 yanvar 1990 – cı ildə Moskvada mətbuat konfransı keçirərək, bu cinayəti həyata keçirən hərbçiləri və Sovet rəhbərliyini tarixin və ədalətin qarşısında cinayətkar adlandırdı. Onun çıxışı Kremlin informasiya blokadasına baxmayaraq, bütün dünyada yayılaraq böyük əks-səda doğurdu. Heydər Əliyevin bu addımı xalqın qəlbində ümid çırağını yandırdı və milli birliyə təkan verdi.

 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verən məhz  Ulu Öndər Heydər Əliyev olmuşdur.  Ulu Öndər  öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərarın qəbul edilməsinə nail olmuşdur. 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etmişdir. 1998-ci ildə isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir.  

Heydər Əliyevin rəhbərliyi altında 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. O, bu faciəni Azərbaycanın milli qüruru və müstəqillik mübarizəsinin bir hissəsi kimi səciyyələndirdi. Heydər Əliyev hadisələri bu sözlərlə xatırlayırdı:

“Mən bu faciəyə həmişə ürəkdən yanaraq, həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam. Bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”

Cənab Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsini həmişə uca tutmuş, Şəhidlər Xiyabanın təmir və yenidənqurma işlərinə, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsinə böyük diqqət ayırmışdır. Cənab Prezidentin tapşırığı ilə 2010-cu ildə, hadisənin 20-ci il dönümündə Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi ucaldılmış və abidənin açılışını cənab Prezident şəxsən özü etmişdir. Bu günlərdə isə, daha dəqiq desək, 13 yanvar 2023-cü il tarixli Fərmanı ilə cənab Prezident 20 Yanvar şəhidlərinin ailələri üçün təsis edilmiş təqaüdün məbləğinin artırılmasına göstəriş vermişdir.  20 Yanvar hadisələrinin tədqiqi, 20 Yanvar şəhidlərinin xatirəsini həmişə uca tutmaq, onların ailələrinə, hadisənin digər qurbanlarına soial və mənəvi yardım etmək hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. 20 Yanvar şəhidlərinin xatirəsi ilə əlaqədar ali diqqət və ehtiramı əks etdirən dövlət siyasəti Azərbaycan xalqı, millətimiz, hər bir vətəndaşımız tərəfindən də daim dəstəklənir. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hadisənin üzərindən xeyli müddət keçməsinə baxmayaraq, hər il ilk ildönümü kimi 20 Yanvar şəhidlərinin məzarları , minlərlə insan tərəfindən ziyarət edilir. Çünki 20 Yanvar şəhidləri öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqının bu amal uğrunda canından keçən igid oğul və qızlarıdır, odur ki, xalqımız tərəfindən heç vaxt unudulmayacaqlar.

1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində yalnız böyük bir faciə deyil, həm də milli qürur simvoludur. O gün xalq öz ləyaqətini qorumaq, milli varlığını və istiqlalını müdafiə etmək üçün misilsiz cəsarət göstərdi. Əliyalın insanlar böyük təhlükəyə qarşı çıxdı və şəhidlərimizin qanı ilə tariximizə şərəfli bir səhifə yazıldı. Bu, xalqın azadlıq arzularının nə qədər güclü olduğunu sübut etdi. 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda apardığı milli azadlıq mübarizəsinin ən yüksək nöqtəsi oldu. Bu faciə azadlıq istəyinin söndürülə bilməyəcəyini dünyaya nümayiş etdirdi.

20 Yanvar hadisələri təkcə ölkə daxilində deyil, həm də xaricdə yaşayan azərbaycanlılar üçün mühüm dönüş nöqtəsi oldu. Bu faciə dünya azərbaycanlılarını bir araya gətirdi və onların təşkilatlanmasını sürətləndirdi. İlk dəfə olaraq müxtəlif ölkələrdə yaşayan soydaşlarımız milli faciəmizi beynəlxalq səviyyədə tanıtmaq məqsədilə təşkilatlar qurmağa başladılar. Bu proses həm də milli birliyin möhkəmlənməsinə töhfə verdi. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin möhkəmlənməsinə əhəmiyyətli təsir göstərdi. Faciədən sonra xalqımız öz azadlığını əldə etməyə daha qətiyyətlə yönəldi. Milli azadlıq hərəkatı siyasi bir reallığa çevrildi və dönməz xarakter aldı. Xalq bir daha başa düşdü ki, gələcəyi yalnız müstəqil Azərbaycanda qurula bilər.

20 Yanvar hadisələri xalqımızın azadlıq uğrunda necə böyük iradəyə və fədakarlığa malik olduğunu göstərdi. Bu gün həmin günün xatirəsini yaşatmaq və şəhidlərimizin ruhunu ehtiramla anmaq bizim müqəddəs borcumuzdur.

Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini