18 yanvar 2025 12:25
85

İran Baş Qərargahı Rəisi və heyətinin ölümü ilə bağlı iddiaları təkzib edib

İran Silahlı Qüvvələri Baş Qərargahı İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslərin helikopter qəzasında ölümü ilə bağlı irəli sürülən iddiaları təkzib edib.

“İki sahil” xəbər verir ki, bu, İranın Silahlı Qüvvələri Baş Qərargahının bəyanatında öz əksini tapıb.

Bəyanata əsasən, İran prezidenti və onu müşayiət edən heyətin helikopteri texniki nasazlıq, təxribat, terror, partlayış, elektronika müharibəsi kimi hallar nəticəsində qəzaya uğramayıb.

Bəyanatda qeyd olunur ki, İran prezidentinin helikopteri sırf bölgənin mürəkkəb coğrafiyası və hava şəraitinə görə qəzaya uğrayıb. Bu, İran mütəxəssislərinin uzunmüddətli araşdırması nəticəsində əldə olunub.

Bəyanatda əlavə olunur ki, İran Silahlı Qüvvələri Baş Qərargahı buna əsasən İran mediaları, hüquqi və fiziki şəxslər, parlament deputatlarını ictimai fikri yayındırmaqla nəticələnən məsuliyyətsiz açıqlamalar verməkdən çəkinməyə çağırır.

Xatırladaq ki, 19 may 2024-də İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.