18 yanvar 2025 16:08
95

Suriyanın yeni hakimiyyəti ölkənin Ərəb Dövlətləri Liqasına qayıdacağına ümid edir

Dəməşqin yeni hakimiyyəti Ərəb Dövlətləri Liqasının Suriya xalqının iradəsini dəstəkləyəcəyinə və ölkənin regional təşkilata qayıdacağına ümid edir.

“İki sahil” xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibani təşkilatın baş katibinin köməkçisi Hüsam Zəkinin başçılıq etdiyi nümayəndə heyəti ilə Dəməşqdə görüşdən sonra bildirib.

"Ümid edirik ki, Ərəb Dövlətləri Liqası Suriya xalqının iradəsini dəstəkləyəcək və tezliklə ora qayıdacağıq", - o qeyd edib.

Dəməşqin Ərəb Dövlətləri Liqasına üzvlüyü 2011-ci ilin noyabrında silahlı münaqişəyə çevrilən daxili böhranın pik nöqtəsində dayandırılıb. 2023-cü il fevralın 6-da baş verən zəlzələdən sonra bir çox ərəb dövlətləri Suriya ilə yaxınlaşıb və ona böyük humanitar yardım göstərib. 2023-cü il mayın 7-də Ərəb Dövlətləri Liqasının Şurası Qahirədə keçirilən təcili iclasda Suriyanın regional birliyə qayıtması barədə qərar qəbul edib. Suriyanın keçmiş lideri Bəşər Əsəd 2023-cü il mayın 19-da 2010-cu ildən bəri ilk dəfə olaraq təşkilatın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən sammitində iştirak edib.