14 yanvar 2025 01:57
162

Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur

«Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır» söyləyən Prezident İlham Əliyevin sözlərini təsdiqləyən yeniliklər atdıqca bu birliyin sarsılmazlığı xüsusilə diqqəti cəlb edir. XX əsrin əvvələrində Azərbaycan xalqını bolşevik-daşnak birləşməsinin törətdikləri qırğınlardan xilas edən Qafqaz İslam Ordusunun əsgərlərinin dar məqamlardı göstərdikləri şücaətlər hər iki ölkənin zülmə qarşı mübarizəsini təsdiqləyən yeganə faktı deyil. İkinci Qarabağ müharibəsində Azərbaycana siyasi, mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyə hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində daha çox şirkətlə təmsil olunur. 2021-ci il iyunun 15-də «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir. Beləliklə, dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycanla Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Şuşa Bəyannaməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana və respublikamızın tarixi ərazisi Qarabağa davamlı səfərləri iki ölkə arasındakı diplomatik uğurların sınaqlarda bərkimiz dostluğunun məntiqi nəticəsidir. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə rəsmilərinin birgə iştirakı ilə Milli Qurtuluş Günü, Qars müqaviləsinin 100 illiyi münasibətilə keçirilən görüşlər özünəməxsusluğu tarixi, hüquqi və siyasi əhəmiyyəti ilə seçilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir”» bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi «…Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq» sözləri Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələrindəndir. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamları sadalamaqla bitməz. Şuşa Bəyannaməsi” isə iki dövlət və xalqlar arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. İkinci Qarabağ müharibəsində Azərbaycana siyasi, humanitar yardımlarını daha da artıran qardaş Türkiyə ilə Azərbaycan arasında Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi bu dostluğu təsdiqləyən rəsmi sənəd olmaqla dünya ictimaiyyətinə əsl təmənnasız münasibətlərin mahiyyətini göstərdi.

Qlobal əhəmiyyətə malik, dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən layihələrin reallaşdırılmasında birgə qətiyyət göstərən, ortaq dəyərələrə malik hər iki dövlət arasında möhkəmlənən münasibətlər hazırda daha yeni istiqamətlər üzrə davam etdirilir. Naxçıvan Muxtar Respublikasına səfəri zamanı iki ölkə arasındakı qardaşlığı tükənməyən birlik və həmrəylik nümunəsi adlandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının birliyinin daha da möhkəmlənəcəyini bəyan etmişdi. Prezident İlham Əliyevin dəvəti ilə baş tutan səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma, Naxçıvan-Bərpa İstehsalat Hərbi Kompleksinin açılış mərasimlərində iştirakı bütünlükdə türk dünyasının birliyinə yönələn həmrəyliyin ifadəsi kimi tarixə yazıldı. Cənubi Qafqazda sülhün təminatına xidmət edəcək mühüm regional və ikitərəfli məsələlərlə bağlı mesajlar səsləndirildi.

Tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanında olmaqla sevinclərini də, kədərlərini də birgə yaşayırlar. Prezident İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanlandığı təbrik məktubunda yer alan «Biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir» sözləri Türkiyə ilə Azərbaycan arasında qardaşlığın, dostluğun sarsılmazlıq rəmzidir. Türkiyədə baş verən və əsrin fəlakəti adlanan zəlzələdən zərər çəkən qardaşlarımıza ilk yardım Azərbaycandan göndərildi.

Yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyevin Türkiyə - Azərbaycan qardaşlığından söz açması göstərdi ki, iki dövlət arasındakı əlaqələr hər zaman aktualdır.

Türkiyə ilə əlaqələrə Yaxın Şərqdə baş verən hadisələrə, rəsmi Ankaranın bölgədə möhkəmlənən mövqeyinə aydınlıq gətirməklə münasibət bildirən Prezident İlham Əliyev rəsmi Ankara ilə Suriyanın yeni hökuməti arasında yaranan yaxınlığı bölgədə sabitlik, terrorizmə qarşı mübarizənin möhkəm təməli adlandırdı: « Artıq mən bu məsələyə öz münasibətimi bildirdim. Türkiyənin Suriyanın inkişafındakı rolu, əlbəttə ki, çox əhəmiyyətlidir və mən Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq» İki qardaş ölkə arasındakı münasibətləri Yaxın Şərqdə daha da gərginləşən milli münaqişələrin qarşısının alınmasında başlıca amil adlandırdıran Prezident İlham Əliyevin sözlərinin təsdiqi Türkiyənin dəstəyi ilə ölkəmizdən Suriyaya göndərilən humanitar yardım oldu: «Yəni, biz istəyirik, burada öz töhfəmizi verək ki, Türkiyənin heç olmasa bu sərhədində terrora son qoyulsun və hesab edirəm ki, bu, çox ciddi geosiyasi dəyişiklik olacaq, böyük coğrafiyada sülhün, sabitliyin, əməkdaşlığın bərqərar olmasına gətirib çıxaracaq. Təbii ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq» sözləri ilə ədalət prinsiplərinə, humanitar siyasətə sadiq qaldığını bildirən Prezident İlham Əliyevin bu sözləri Suriya xalqına mənəvi dəstəyin ifadəsi idi.

Qardaş ölkələrimiz arasındakı səmimi münasibətlərin daha bir nümunəsi Azərbaycanın Türkiyənin təşəbbüsü və dəstəyi ilə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Sammitində Azərbaycanın yekdilliklə təşkilata üzvlüyə qəbulu oldu. Daha bir təşkilatda təmsilçiliyimiz İslam həmrəyliyinə sadiqlik nümunəsi olmaqla ölkəmizin türk dünyasına açılan uğurlu yol kimi dəyərləndirilir. Prezident İlham Əliyev «Ona görə Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda, Avropada, - bir qədər bu məsələyə biz toxunduq, - tamamilə yeni vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də onun yanındayıq. Yəni ki, gücümüz daha da artacaq. Böyük coğrafiya - Avropanı, Asiyanı, Cənubi Qafqazı, Xəzər hövzəsini əhatə edən böyük coğrafiya artıq özlüyündə bir ciddi geosiyasi amildir. Hərbi güc, siyasi güc, iqtisadi potensial, birlik və bu gün dünyanın heç bir yerində bu qədər bir-birinə bağlı olan ölkələri görmək mümkün deyil, necə ki, Türkiyə və Azərbaycan. Ona görə biz çox ümidliyik və Suriyadakı dəyişikliklər bizi həddindən çox sevindirir» sözləri ilə yeni formalaşan Suriya hökuməti ilə əlaqələrin bərpası üçün iki qardaş olaraq birgə çalışacaqlarını əminliklə ifadə edir. Genişlənmə qərarından sonra Azərbaycanın quruma qəbulunda Türkiyənin dəstəyi hər məqamda hiss olunan növbəti həmrəyliyin ifadəsidir. Əlbəttə, Azərbaycanın müsəlman ölkələrini birləşdirən D-8-ə üzvlüyü böyük əhəmiyyət daşıyır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bu təşkilata üzvlük Azərbaycan üçün böyük şərəf olmaqla həm də məsuliyyətdir. Qarşılıqlı əməkdaşlıqda maraqlı olan Azərbaycanın bu addımı dünya birliyinə açılan yeni diplomatik pəncərədir. Qurumda artıq doqquəuncu olan, təşkilatla birgə fəaliyyətə üstünlük verən Azərbaycanın maraqlı təklifləri ilə daha böyük nüfuz qazanacağı şübhəsizdir. Göründüyü kimi, vahid gücə çevrilən Azərbaycan- Türkiyə dostluq və qardaşlıq əlaqələri təkcə iki ölkə arasında deyil, həm də beynəlxalq münasibətlər sistemində onların nüfuzunun artmasına və qlobal arenada daha fəal mövqe tutmalarına imkan yaradıb”. Bu bağlılıq qardaş ölkələr üçün təkcə milli maraqlar baxımından deyil, qlobal miqyasda da mühüm məsələlərin həllində özünü doğruldacaq.

Xuraman İsmayılqızı, «İki sahil»