14 yanvar 2025 02:58
180

Fransa bu gün də müstəmləkə irsini yaşadır

Neomüstəmləkə siyasətini həyata keçirməyə çalışan Paris "parçala və hökm sür" prinsipini rəhbər tutaraq müstəmləkələr arasında düşmənçilik toxumu səpməyə çalışır, onların ərazilərində separatizmi qızışdırır, gəncləri təsir aləti kimi istifadə etdiyi terror qruplaşmalarına cəlb edir

Son zamanlar Əlcəzair ilə rəsmi Paris arasında ziddiyətlər daha da kəskinləşib. Əlcəzair Fransa Prezidenti Emmanuel Makronun yazıçı Buəlam Sansalın həbs olunması ilə bağlı bəyanatını kəskin şəkildə qınayıb və bunu Əlcəzairin daxili işlərinə qəbuledilməz müdaxilə kimi qiymətləndirib. Əlcəzairin Xarici İşlər Nazirliyi “X” şəbəkəsində paylaşdığı bəyanatında bildirib ki, Əlcəzair Makronun verdiyi bəyanatları böyük təəccüblə izləyib. Qeyd edilib ki, bu bəyanatlar, ilk növbədə, belə məsuliyyətsiz və qeyri-ciddi şəkildə fikir söyləməyi münasib bilən şəxsin özünə zərər yetirir. Nazirlik əlavə edib: “Bu cür bəyanatları yalnız qınamaq, rədd etmək və pisləmək olar, çünki bunlar Əlcəzairin daxili işlərinə açıq və qəbuledilməz bir müdaxilədir”. Vurğulanıb ki, Fransa Prezidentinin söz azadlığı adı altında böhtan və yalan söylədiyi məsələ, əslində, ölkənin ərazi bütövlüyünü pozmaqla bağlıdır və bu, Əlcəzair qanunlarına görə cəzalandırılmalı cinayətdir. Qeyd edək ki, Makron bir neçə gün öncə Əlcəzair hökumətini hər iki tərəfin vətəndaşlığını daşıyan 75 yaşlı Buəlam Sansalı azad etməyə çağırıb. Sansal Bumidin Hava Limanından Əlcəzairə daxil olarkən həbs edilib və dekabrın ortalarından bəri müalicə bölməsində saxlanılır. O, dövlət təhlükəsizliyini təhdid etməkdə ittiham olunur. Emmanuel Makronun son bəyanatları Əlcəzair parlamenti tərəfindən də kəskin şəkildə qınanıb.

Fransanın daxili işlər naziri Bruno Retayo bildirib: "Biz Əlcəzair məsələsində son dərəcə narahatedici həddə çatmışıq. Əlcəzairlə bağlı əlimizdə olan bütün vasitələri araşdırmalıyıq". O, həmçinin əlcəzairlilərə verilən vizaların sayının, eləcə də Əlcəzairə maliyyə yardımının azaldılmasının mümkün olduğunu deyib. Hazırda bu məbləğ 131,79 milyon avro təşkil edir ki, bu da ÜDM-i 240 milyard avro olan ölkə üçün dəryada bir damladır. Daha əvvəl Əlcəzair Fransa hakimiyyətinin ölkədən çıxarılması ilə bağlı göstəriş verdiyi Doualemn adlı blogeri geri qəbul etməkdən imtina edib. Fransanın cənubundakı Monpelyedə yaşayış icazəsi əsasında yaşayan bloger yanvarın 4-də “TikTok”dakı kanalında Fransa ərazisində zorakı hərəkətlərə çağırışlar etdiyi üçün həbs edilib. O, ötən gün ölkədən deportasiya edilsə də, Əlcəzair onu geri göndərib. Bloger qayıtdıqdan sonra Sena və Marna departamentində müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. O, videonu çəkərkən narkotik asılılığına qarşı dərman vasitəsinin təsiri altında olduğunu bildirib.

15 dekabr 2024-cü ildə Əlcəzair Fransa kəşfiyyatını “ölkədə sabitliyi sarsıtmaq üçün köhnə terror strukturlarını yenidən işə salmağa çalışmaqda” ittiham edib və Fransanın Əlcəzairdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Əlcəzair Prezidenti Əbdülməcid Tebbun 30 dekabr 2024-cü il tarixli çıxışında Fransanı müstəmləkəçi rəftarını davam etdirməkdə günahlandırıb və sərt şəkildə tənqid edib. Fransanın xarici işlər naziri Jean-Noel Barrot Əlcəzairin ölkəsinə qarşı "sabitliyi pozmaq" ittihamlarını "əsassız və fantaziya" adlandırıb. Fransanın suverenlik mübahisələrinin olduğu Mərakeşin Qərbi Sahara bölgəsi üçün Mərakeş lehinə muxtariyyət planını dəstəklədiyini elan etməsi, bölgədəki müstəqillik tərəfdarlarını dəstəkləyən Əlcəzairlə münasibətləri daha da gərginləşdirib. Əlcəzair Fransanın Qərbi Sahara addımına cavab olaraq 2024-cü ilin iyulunda Parisdəki səfirini geri çağırmışdı. Qərbi Saharadan kənarda iki ölkə arasında həllini gözləyən tarixi problemlər də var. Bu problemlərə Fransa hakimiyyətinin illərdir qaytarmaqdan imtina etdiyi Əlcəzair arxivi və Parisdəki İnsan Muzeyində xalq inqilabı liderlərinin kəllələrinin qaytarılması, nüvə sınaqları qurbanlarına təzminat ödənilməsi daxildir. Fransa tərəfindən 1960-1966-cı illər arasında Əlcəzair səhrasında həyata keçirilən və Müstəqillik Müharibəsi (1954) 1962-ci ildə müharibə zamanı itkin düşən 2200 nəfərin taleyinə aydınlıq gətirilməsini əhatə edir.

Qeyd edək ki, bir sıra Afrika ölkələri kimi, Əlcəzair də uzun illər Fransanın müstəmləkəsi altında olub. 100 ildən artıq müddətdə bu ölkənin bütün maddi və mənəvi sərvətləri istismar edilərək Fransaya daşınıb. Bu istila İkinci Dünya müharibəsindən sonra daha da güclənib. Alman işğalından qurtulan Fransanı ayağa qaldırmaq üçün general Şarl de Qol bütün imkanları səfərbər edib. Xüsusilə də, müstəmləkə altında olan ölkələr üzərində vergi yükü daha da artırıb. Nəticədə digər müstəmləkə altında olan dövlətlərdə olduğu kimi, Əlcəzairdə də vəziyyət kəskin şəkildə pisləşib. Bu səbəbdən Əlcəzair xalqı 1954-cü il noyabrın 1-də üsyana qalxıb. Bu üsyana Milli Qurtuluş Cəbhəsi başçılıq edirdi. Milli Qurtuluş Cəbhəsi milli-azadlıq mübarizəsinin məqsədlərini belə müəyyənləşdirmişdi: ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi, müstəqil Əlcəzair Respublikasının yaradılması. Əlcəzairin 1954-cü ildən 1962-ci ilə qədər davam edən müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirib. Onların əksəriyyəti dinc sakinlər olublar. Nəhayət, 1962-ci ilin martında Fransa atəşin dayandırılması haqqında Evian sazişini imzalayıb və Əlcəzairin müstəqilliyini tanımalı olub. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edilib.

Ümumiyyətlə, Əlcəzairin 1830-1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə həm də "1,5 milyon şəhidin ölkəsi" adlandırılır. Fransa ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına 130 il ərzində muxtariyyət belə verməkdən imtina edib. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir parçası, Fransa Əlcəzairi adlandırırdı. Bundan başqa 130 il ərzində Fransa hökuməti Əlcəzairdə məqsədli şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib. Nəticədə XX əsrin ortalarında 9 milyonluq Əlcəzair əhalisinin 1 milyonunu avropalılar təşkil edib. Fransa 130 il ərzində Əlcəzairi yalnız istismar etməyib, həm də bu ölkəni hərbi poliqona çevirib. Təkcə 1960-1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib. Onlardan da 11-i yeraltı sınaqlar olub. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır. Bundan başqa, işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günədək həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Nəticədə Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön sıralardan birini tutur. Təəssüflər olsun ki, bu cür dəhşətli insanlıq cinayətləri törədən Fransa bu günə kimi terrorçu dövlət kimi tanınmayıb. Əksinə, Fransa öz terror fəaliyyətini günbəgün genişləndirir. Onların ermənilərin yanında dayanması da eyni xislətə sahib olmalarından qaynaqlanır.

Sonda onu qeyd edək ki, Fransanın bu gün ayaqda dura bilməsinin əsas səbəbi Afrikadan gələn milyardlardır. Təsadüfi deyil ki, Fransanın keçmiş Prezidenti Jak Şirak bildirmişdir ki, Afrika olmasaydı, Fransa üçüncü dərəcəli güc səviyyəsinə enərdi: “Fransızlar banklarındakı külli miqdarda pulun məhz keçmiş Afrika koloniyalarının istismarından gəldiyini unutmamalıdırlar”.

Sevinc Azadi, “İki sahil”