12 yanvar 2025 00:57
78

NYT: ABŞ Xəzinədarlıq Katibi vəzifəsinə namizəd aktivlərdən imtina edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən maliyyə naziri vəzifəsinə namizədliyi irəli sürülən milyarder Skott Bessent namizədliyi ABŞ Senatı tərəfindən təsdiqlənərsə, maraqlar toqquşmasından qaçmaq üçün bəzi aktivlərindən imtina etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Bessentdən rəsmi etika standartlarına riayət olunmasına nəzarət edən Xəzinədarlıq Departamentinə ünvanlanmış məktub əldə edən “The New York Times” məlumat yayıb.

Qeyd edilib ki, Bessent məktubda maliyyə naziri kimi təsdiq olunarsa, hər hansı maraqlar toqquşmasının qarşısını almaq üçün həyata keçirmək niyyətində olduğu tədbirləri sadalayıb. Milyarder həmçinin Key Square Capital Management investisiya fondunu bağlamağa, Rokfeller Universitetində investisiya komitəsinin sədri vəzifəsindən imtina etməyə və Bessent-Friman Ailə Fondundan istefa verməyə hazırdır.

Nəşr əlavə edir ki, 2024-cü ilin noyabrında Bessent Cənubi Karolina ştatının Çarlston şəhərində malikanəsini 22,5 milyon dollara satışa çıxarıb. Xəzinədarlığa namizəd həmçinin Bitcoin ETF və All Seasons nəşriyyatındakı payını satır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”