Yanvarın 14-15-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın himayəsi altında Əbu-Dabi Dayanıqlılıq Həftəsi sammiti keçiriləcək. Sammit yanvarın 12-dən 18-dək davam edəcək Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində baş tutacaq. Builki sammit “Davamlı gələcək üçün sektoral inteqrasiya” mövzusuna həsr ediləcək. Tədbirin məqsədi dayanıqlılıq problemlərini həll etmək və iqtisadi transformasiya imkanlarını gücləndirmək üçün qlobal gündəmi müəyyənləşdirir, iqtisadi, sosial və texnoloji irəliləyişləri təşviq etmək və dəyəri 10 trilyon dollardan çox olan iqtisadi transformasiya ilə bağlı imkanları araşdırmaqdır.
“İki sahil” BƏƏ Xəbər Agentliyinə istinadla bildirir ki, zirvə görüşü Əbu-Dabi Dayanıqlılıq Həftəsinin əsas tədbiri olacaq. Burada 13 dövlət və hökumət başçısının, eləcə də 140-dan çox nazir və hökumət rəsmisinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində 34 panel iclas keçiriləcək, əsas natiqlərin və 70-dən çox spikerin çıxışları dinləniləcək.
Sammitdə süni intellekt başda olmaqla, qabaqcıl texnologiyalar və insan təcrübələri arasında əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanacaq, dayanıqlı inkişafı təşviq etmək və hər kəsi əhatə edən firavan gələcək qurmaq məqsədlərindən danışılacaq.
BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin İdarə Heyətinin sədri doktor Sultan bin Əhməd əl-Cabir bildirib ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi iqtisadi və sosial inkişafı dəstəkləyən müxtəlif sektorlar arasında əlaqəni gücləndirmək üçün unikal imkanları araşdırmağa xidmət edir.