11 yanvar 2025 18:24
93

Böyük Britaniyanın maliyyə naziri Çinə səfər edib

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz iqtisadi danışıqlarda iştirak etmək üçün Çinə səfər edib.

“İki sahil” xəbər verir ki, nazir dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinlə qarşılıqlı əlaqənin vacibliyini vurğulayıb, demokratik dəyərlər və digər mühüm məsələlərdə açıq və dürüst olacağını bildirib. Reyçel Rivz vurğulayıb ki, Çinlə praqmatik və proqnozlaşdırıla bilən münasibətlər iqtisadi artım və ticarət üçün mühüm əhəmiyyət daşıyır. Bu bəyanatlar Böyük Britaniyada faiz dərəcələrinin kəskin artımı fonunda səslənib.

Reyçel Rivz Çinə səfər etməsini müdafiə edərək, bu addımın Böyük Britaniyanın milli maraqlarına uyğun olduğunu vurğulayıb. O bildirib ki, Pekində əldə olunan razılaşmaların növbəti beş il ərzində Böyük Britaniyaya 600 milyon funt sterlinq gəlir gətirəcəyi gözlənilir.

Ancaq səfər Böyük Britaniyada faiz dərəcələrinin kəskin artımı və funt sterlinqin dəyərinin enməsi fonunda mübahisələrə səbəb olub. Mühafizəkarlar partiyası R.Rivzi “Çinə qaçmaqda” ittiham edərək, onun prioritetlərini tənqid ediblər. Nazir isə bildirib ki, Çinlə uzunmüddətli və konstruktiv münasibətlərin qurulması Böyük Britaniyanın iqtisadi maraqları baxımından vacibdir.