08 yanvar 2025 00:13
127

Paşinyan Rusiya ilə “siçan-pişik” oynayır

Ermənistan nə qədər “qaçmağa” cəhd etsə də Rusiya onun “quyruğunu” əldən buraxmır. Bir gözü Qərbdə, bir gözü Rusiyada qalan çəpgöz Ermənistan iki güc arasında vurnuxur. Yeni ağasından tam təhlükəsizlik təminatı ala bilmədiyi üçün köhnə ağasının zərbəsindən sığortalana bilmir. Görünür, hələlik qəzəbini gizlətməyə çalışan köhnə ağa Ukraynada müharibəni bitirəndən sonra “yolunu azmış” keçmiş vassalını “öz yoluna” qaytarmağı planlaşdırıb. Ona görə də baş nazir Nikol Paşinyan özünü nə qədər asi aparsa da, Rusiya ilə əlaqələri tamamilə kəsməyə çalışsa da ona güzəştlər olunur, hələlik, necə deyərlər, nazı ilə oynanılır. Ancaq Rusiya təhlükəsi Damokl qılıncı kimi başının üstündən sallanır. Bir reallıq da var ki, Ermənistanın xaricə çıxışı yalnız Rusiya ərazisindən mümkündür. Əgər hərbi Gürcüstan yolu bağlanarsa, onda Ermənistan blokadada boğular. Bu mənada Paşinyan Rusiya sərhəd qoşunlarını və Gümrüdə dislokasiya olunan 102-ci hərbi bazasını ölkədən zorla çıxarmağa cəsarət etmir. Yəni, necə deyərlər, hələlik “qazanlar qapalı qaynayır.”

Burada manevr edən tərəf Rusiyadır və o, zəiflədyini bildirməmək məqsədi ilə hərdən özünün bir təmsilçisini İrəvana göndərməklə xəbərdarlıq edir, başa salır ki, onun cazibəsindən kənara çıxa bilməz. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyanla regiondakı vəziyyəti müzakirə etməsi diqqətdən kənarda qalmır. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir: "Görüş zamanı Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Ermənistanın müdafiə nazirinə Rusiyanın Ermənistandakı səfirliyinin yeni hərbi məsələlər üzrə attaşesi - polkovnik Aleksandr Qoryanovu təqdim edib.”

Təbii ki, bu, Suren Papikyanın ürəyincə olmasa da, dildə hərbi attaşeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona səmərəli fəaliyyət arzulayıb. Müdafiə naziri erməni xislətinə uyğun olaraq boğazdan yuxarı sözlər söyləyib. Çünki düşmən münasibətdə olduğu şəxsə əməkdaşlıq arzulamaq qətiyyən məntiqə uyğun gəlmir.

Yenə də qarşıya əcaib və məchul bir fikir çıxır: Necə ola bilər ki, bir-birini əzib məhv etmək üçün qarşı-qarşıya dayanmış iki düşmən bir-biri ilə “mehriban” əməkdaşlıq etsinlər? Axı, avantüranın da, yalanın da bir həddi var. Şübhəsiz ki, belə təyinatlardan, görüşlərdən, tədbirlərdən yalnız bir məqsəd güdülür: Planlaşdırılan vaxtdan əvvəl aranı qarışdırmamaq, həlledici zərbəni müəyyən olunmuş məqamda vurmaq.

Əslində, Nikol Paşinyan belə görüşlərə o qədər də ciddi əhəmiyyət vermir. Zaman vardı ki, Ermənistanın rəhbərləri əllərində gül-çiçək dəstələri ilə Moskvadan gələn ən kiçik məmuru belə aeroportda təntənə ilə qarşılamağa gedirdilər. Ancaq Paşinyan Qərbin və ABŞ-ın dəstəyi ilə hakimiyyəti ələ keçirəndən sonra rəsmi Moskva ilə “siçan-pişik” oyununa başladı,  vəziyyət 180 dərəcə əksinə istiqamət aldı. Çünki altı ildir ki, Rusiya ilə çəpəki münasibət ona pullar gətirir. Onun dilənçi xarakterli qondarma ölkəsi ABŞ-ın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalardan külli miqdarda qazanc əldə edir. ABŞ Ermənistana milyonlarla dolları məhz Rusiyadan birdəfəlik ayrılmasına görə verir. Bu isə regionun ən zəif və vəziyyətdən çıxış yolu tapa bilməyən bir cırtdan ölkəsi üçün sanki göydəndüşmə xoşbəxtlik kimi dəyərləndirilir. Amma yaddan çıxarırlar ki, həmin pulları onların başına yağdıranlar bir gün bədəlini ödətdirəcəklər. Əsl həngamə də onda başlayacaqdır.

Vəli İlyasov, “İki sahil”