08 yanvar 2025 21:18
117

Bu artıq ajiotaj deyil, ermənilər qorxuya düşüblər - YUNUS OĞUZ

Bildiyimiz kimi  Azərbaycan  Prezidenti  İlham Əliyev  yanvarın  7-də  yerli telekanallara müsahibə verib. Jurnalistlərin müxtəlif sahələrdə suallarını  cavablandıran Prezident Ermənistanın regionda dayanıqlı sülhə təhdid olduğunu bildirib.  Prezidentin müsahibəsi Ermənistanın müxtəlif xəbər  seqmentlərində və  sosial  platformalarında geniş müzakirə  olunub.  İlham  Əliyevin  müsahibəsindəki mesajlar erməni xislətinə uyğun olaraq hədə kimi  qiymətləndirilib  və  hətta  müəyyən  mənada ajiotaj yaradıb.

“İki sahil” xəbər verir ki,  "Olaylar" qəzetinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz bildirib ki, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Ermənistanla bağlı səsləndirdiyi fikirlərdə heç bir hədə yoxdur: "Sadəcə, cənab Prezident bir daha vurğulayıb ki, 10 noyabr 2020-ci ildə atdığın imzaya hörmət elə. Mahiyyət ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılmalı, iki dövlət arasında sülh müqaviləsi bağlanmalıdır. Bu fikirlər Ermənistanda ona görə ajiotaj yaradıb ki, 4 ildən artıqdır ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını uzadır. Çünki, Ermənistanın havadarları olan Fransa, Amerika və hətta Rusiya inkan vermir ki, iki dövlət arasında vasitəçisiz müqavilə bağlansın. Bu baxımdan Ermənistanda təşvişin yaranması normaldır. Ona görə ki, canlarında müharibə qorxusu var. Əgər belədirsə, ilk növbədə Zəngəzur dəhlizi açılmalıdır. Bununla 10 noyabrda imzalanan sənədə hörmət etmiş olurlar. Onsuz da gec, yaxud tez Zəngəzur dəhlizi açılacaq. Onda isə Ermənistan tamam başqa bir vəziyyətdə olacaq. Düşünürəm ki, Prezident bu məsələ ilə bağlı mövcud vəziyyəti ortalığa gətirib və bunu da öndə baş nazir olmaqla Ermənistanın yetkililəri təhlil etməli, tezliklə sülh müqaviləsi bağlayıb Zəngəzur dəhlizini açmalıdırlar". 

Y.Oğuz əlavə edib ki, Ter-Petrosyanın çıxışı yayılandan sonra məlum oldu ki, 30 il ərzində Ermənistanı idarə edən insanlar tərərindən faşist ideologiyası həyata keçirilib: "Erməni ictimaiyyəti də bunun fərqindədir. Faşist ideologiyası fonunda da ajiotaj yarana bilər. Ermənilər daha çox  Azərbaycan kanallarını izləyirlər və bu kanallar vasitəsilə müəyyən nəticə çıxarırlar. Əslində Ter-Petrosyanın çıxışı Ermənistanı silkələməlidir, nəinki ajiotaj  yaratmaq. Çünki, sübut olunur ki, Ermənistanın üç prezidentinin üçü də faşist ideologiyasını həyata keçirir, etnik təmizləmə ilə məşğuldu, torpaqları işğal ediblər.  Bu da son nəticədə öz sözünü deyir. Bu artıq ajiotaj  deyil, ermənilər qorxuya düşüblər".