Son zamanlar internet resurslarında məqsədli şəkildə yanlış və təhrif olunmuş məlumatlar yayaraq cəmiyyətin belə demək mümkünsə, nisbətən azsavadlı, dünyada, ölkəmizin yer aldığı regionda baş verən ictimai-siyasi prosesləri dərindən təhlil edə bilməyən, siyasi cəhətdən genişdünyagörüşünə malik olmayan kəsimini yanlış istiqamətə yönləndirmək məqsədi daşıyan radikal müxalifət başbilənlərinin muzdlu mirzələrindən olan Qənimət Zahid-Əfqan Muxtarlı cütlüyünün son zamanlar yenidən fəallaşması heç də təsadüfi deyil.
Qərbdəki bəzi anti-Azərbaycan dairələrin nəzarətində olan donor təşkilatlarının qrantlarından və məlum fondların əvəzsiz yardımlarından bəhrələnən bu cütlük həmin dairələrin tapşırıq və sifarişlərini yerinə yetirərək, internet vasitələrindən istifadə edərək ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərər vermək, yaydıqları dezinformasiyalarla insanların süuraltına təsir etmək, bu yolla cəmiyyətdə süni şəkildə siyasi qütbləşmə yaratmaq üçün ən çirkin üsullara əl atırlar. Öz məqsədlərinə çatmaq üçün tez-tez manipulyasiyalardan istifadə edən bu makiavellist ünsürlər hazırda ölkəmizə qarşı həyasızcasına aparılan qarayaxma kampaniyasının ön cərgələrində yer alırlar. Q.Zahid, Ə.Muxtarlı kimi ünsürləri təsadüfən makiavellist adlandırmadıq. Yaxşı bilirik ki, makiavellizm manipulyasiya, yalnız öz maraqlarına və yalana köklənmək kimi xüsusiyyətləri birbaşa özündə birləşdirir.
Vaxtilə ermənipərəst dairələrin himayədarlığı ilə bir müddət qonşu Gürcüstanda məskunlaşan, elə həmin qüvvələrin yardımı ilə qaçaqmalçılıqla məşğul olan ölkəmizin gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçirilməsi maddələri ilə ittiham olunan Əfqan Muxtarlının məlum dairələr tərəfindən cidd-cəhdlə müdafiə olunması bu gün bəzi qaranlıq mətləblərə aydınlıq gətirir.
Müxtəlif bəhanələrlə hazırda Almaniyada sığıncaq taparaq Azərbaycan əleyhinə qaralama kampaniyasında xüsusi canfəşanlıq edən Ə.Muxtarlının erməni lobbisinə yaxınlığı ilə tanınan bəzi təşkilat və fondlarla işbirliyində olmasını hələ 2017-ci ildə təkzibolunmaz faktlara əsaslanaraq yazdığımız məqalədə bildirmişdik. Məqalədə 2014-cü ilin oktyabr ayında Gürcüstanın Batumi şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan ölkələrin Vətəndaş Cəmiyyəti Forumunda baş verən hadisələri bir daha xatırlayaraq bəzi qaranlıq mətləblərə aydınlıq gətirməyə çalışmışdıq.
Yeri gəlmişkən, hələ o zaman Çexiyada fəaliyyət göstərən, işğalçı Ermənistanla, onun cinayətkar rəhbərliyi ilə qaranlıq əlaqələri üzə çıxarılaraq ifşa olunmuş “People in Need” təşkilatının Forumda törətdiyi təxribat çox haqlı olaraq Gürcüstan və Azərbaycanda kəskin etirazlara səbəb olmuşdu. Batum Forumunda ermənilərlə səs-səsə verib anti-Azərbaycan şüarlar səsləndirənlər arasında həmin bu Ə.Muxtarlı xüsusilə cənfəşanlıq göstərmişdi.
Məsələ bununla bitmir. O zaman araşdırmalardan bəlli olmuşdu ki, Ə.Muxtarlı “Civil-forum.az” domenində fəaliyyət göstərən mənşəyi bəlli olmayan bir internet portalının əməkdaşı “libasında”, “sərbəst jurnalist” erməni Armen Karapetyanla birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı anti-Azərbaycan xəbərləri tirajlamaqla məşğul olub. Hələ o zaman yazmışdıq ki, Azərbaycanın əbədi və əzəli, ayrılmaz parçası olan, Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağdan bəhs edərkən cinayətkar separatçıları “Qarabağ rəsmiləri” adlandıran Ə.Muxtarlının nə qədər simasız bir məxluq, onun “şəriki” A.Karapetyanın isə Ermənistan təhlükəsizlik xidmətinin əməkdaşı olmasına zərrə qədər şübhə yeri qalmır.
Təbii ki, hazırda Almaniyada sığınacaq tapan Ə.Muxtarlının son zamanlar ölkəmizdə konkret cinayət əməllərində təqsirli bilinən bəzi şəxsləri “qoca qitə”də siyasi məhbus kimi təqdim edərək Azərbaycanı ləkələmək cədləri bu ünsürün ermənipərəst dairələrlə sıx işbirliyində olmasını bir daha təsdiq edir. Qatı daşnak ideoloqu kimi tanınan karapetyanlarla cici-bacılıq edən, ermənipərəst dairələrin nəzarətində və əsarətində olan Ə.Muxtarlı kimi antimilli ünsürlər bilməlidirlər ki, onların bu xəyanətkar əməlləri tarixin səhifələrindən, xalqımızın yaddaşından silinməyəcək.
Zahid Rza, “İki sahil”