Dövlət başçısı İlham Əliyevin 7 yanvar 2025-ci il tarixli «Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» Sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha təsdiqləyir
Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur, həyata keçirilən siyasətin əsasında dayanır. Dövlətimizin başçısı İlham Əliyevin hər zaman yeni hədəfləri açıqlayarkən «Bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir» çağırışı da iqtisadi amilin önəminə işıq salır. Cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2024-cü ilin uğurları fonunda cari ildə qarşıda dayanan hədəflərdən bəhs edərkən diqqəti ölkəmizin sosial-iqtisadi göstəricilərinə yönəltdi. Bildirdi ki, 2024-cü ilin ümumi daxili məhsul 4, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Valyuta ehtiyatlarımız hazırda 72 milyard dollardan çoxdur. Eyni zamanda, xarici borcumuz azalıb. Bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, önəmli makroiqtisadi rəqəmlər əldə edildi.
Azərbaycan bu gün dünyada sosial dövlət kimi nüfuz qazanıb. Sosial dövlətdə islahatların mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru dayanır. «İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir» söyləyən cənab İlham Əliyev bildirir ki, söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır.
Təbii ki, söhbət insanlara diqqət və qayğıdan, sosial dövlət anlayışından gedirsə, cəmiyyətdə sosial ədalətə, sülhə və əməkdaşlığa söykənən münasibətlər formalaşmalı, hər bir vətəndaşa bərabər imkanlar yaradılmalı, göstərilən xidmətlər hər kəsə əlçatan və rahat olmalıdır. Dövlət başçısı İlham Əliyev məhz bu kimi amilləri önə çəkərək hər bir çıxışında bildirir ki, əgər insanlar görülən işlərdən razı qalarsa, onda mən də razı olaram.
Dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərar xalq tərəfindən dəstəklənir, böyük rəğbətlə qarşılanır. Cənab İlham Əliyev bu məqamı da xüsusi vurğulayır ki, mən xalqa güvənir, xalqdan güc alıram.
Bu gün paytaxt və bölgələrə, kənd və qəsəbələrə diqqət yetirərkən böyük inkişafın, tərəqqinin, sağlam rəqabətin şahidi oluruq. Son dörd ildə tarixi Zəfərimiz fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də vətəndaş məmnunluğunun artırılmasının prioritet olduğunu nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev bərpa işlərinə başlandığı gündən bu hədəfi açıqladı ki, keçmiş köçkünlərin yüksək yaşayışının təmin edilməsi üçün bütün zəruri işlər görülməlidir. Sözügedən müraciətdə dövlətimizin başçısı İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərindən də geniş bəhs etdi. “Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir» söyləyən cənab İlham Əliyev bildirdi ki, artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir. Cari ildə oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış Proqramının icra edilməsi prioritet məsələ olacaq.
Dövlət büdcəsindən ayırmalarda da müdafiə ilə yanaşı, bərpa-quruculuq işlərinə ayrılan vəsait də xüsusi diqqətdə olur. 2025-ci ilin dövlət büdcəsində hərbi xərclər 8,4 milyard manatdır. Prezident İlham Əliyev vurğuladı ki, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı yarısı digər sahələrə - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə istiqamətləndiriləcəkdi. Müqayisə üçün qeyd edək ki, hərbi xərclərimiz 8,4 milyard manat, Qarabağın və Şərqi Zəngəzurun bərpasına isə 4 milyard manat vəsait ayrılıb.
Hər yeni il vətəndaşlarımızın xoş ovqatının daha da yaxşılaşmasına yönələn Prezident sərəncamları ilə yadda qalır. Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Yeni Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində onu da bildirdi ki, bütün böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaq.
Onu da qeyd edək ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi icra edilmişdir. Artıq beşinci paketin icrasına başlanılıb. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq. Müavinət və təqaüd ödənişlərində artım dinamikası davam edir. Dövlət başçısı İlham Əliyevin 7 yanvar 2025-ci il tarixli «Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» Sərəncamına uyğun olaraq dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılır.
Dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl və ciddi artımına müqayisəli şəkildə nəzər salaq. Belə ki, bu xərclər 2021-ci ildəki 10,3 mlrd. manatdan 2024-cü il üçün 15,5 mlrd. manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 mlrd. manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 mlrd və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması bir daha sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu göstərir.
Göründüyü kimi, sosial sahə çoxşaxəlidir. Bura özünüməşğulluq proqramını da əlavə etsək, əhalinin sosial müdafiəsinin gündən-günə daha da gücləndirilməsi üçün mühüm layihələrin icrasının prioritet olduğunu görərik. O da məlumdur ki, ölkəmizdə ABAD mərkəzləri yaradılır ki, bunlar ailə təsərrüfatlarına asan dəstəyi göstərməklə həm özünüməşgulluğun inkişafına, həm də bu əsasda insanların sosial rifah halının yaxşılaşmasına öz töhfələrini verirlər. Özünüməşğulluq proqramının əhatə dairəsi gündən-günə genişlənir. Hətta Azərbaycan beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb edib. Ümumilikdə əhalinin məşğulluğunun təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bunun nəticəsi olaraq, ölkədə çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi də ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Təkcə 2018-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 635 min vətəndaş işlə təmin edilib, 36 min şəxs peşə hazırlığına cəlb olunub. Ölkə Prezidentinin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən proqram olmaqla işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verir. 2017-ci ildən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı ötən dövrdə təqribən 15 dəfə artırılaraq 16 mini ötüb. İndiyədək 93 min şəxs özünüməşğulluq proqramına cəlb edilərək onlara verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar. Gələn il bu say artıq 100 mini ötəcək. Azərbaycan sosial dövlət olduğunu sözdə yox, əməldə təsdiqləyir.
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən sosial-iqtisadi göstəricilərin rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasını qarşıya əsas hədəf kimi qoydu. Əmək haqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılmasının vacibliyi bildirildi. Təbii ki, bu, ölkəmizin iqtisadi inkişafı ilə sıx bağlıdır. Azərbaycanın iqtisadi imkanları artdıqca, bu, ilk növbədə özünü güclü sosial siyasətdə nümayiş etdirir. Sosial siyasətin əsas tərkib hissələrindən biri şəhid ailələrinə, qazilərə diqqət və qayğının göstərilməsidir.
Sosial xidmət sahəsində təkmilləşmə, yenişləşmə diqqətdən kənarda qalmır. Aparılan uğurlu sosial islahatlar proqramının mühüm nailiyyətləri sırasında DOST Konsepsiyası xüsusi yer tutur. Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ildən DOST Agentliyi yaradılıb. Bu günədək Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST Mərkəzi açılıb. Hazırda bu yeniliklər işğaldan azad edilmiş ərazilərimizdə də tətbiq edilir. Zəngilanın Ağalı kəndində «Smart DOST» xidmət məntəqəsi, 2024-cü ildə isə Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açıldı.
Göründüyü kimi, ölkəmizin iqtisadi imkanlarının artması güclü sosial siyasəti şərtləndirir. Hazırda Azərbaycanın təkmil iqtisadi inkişaf modeli dünyaya nümunədir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə hesablanmış addım oldu. Bu gün Azərbaycan Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması iqtisadiyyatında şaxələndirilmə siyasətinin uğurla həyata keçirilməsini şərtləndirir. 2003-cü ildən cənab İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoydu. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramları icra edilməyə başladı. 4 Dövlət Proqramının icrasının uğurlu nəticələri özünü paytaxt və bölgələrin inkişafında aydın ifadəsini tapır. Tarixi Zəfərimizdən sonra təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Azərbaycanın bugünkü və gələcək inkişafının yol xəritəsidir. Bu sənəddə əksini tapan beş əsas hədəf ölkəmizin iqtisadi inkişafının ümumi mənzərəsini yaradır. Azərbaycan bu gün artıq “yaşıl ölkə” kimi dünyanın diqqətindədir. Ötən il ölkəmizin beynəlxalq nüfuzunun, eyni zamanda, iqtisadi imkanlarının dünyaya təqdimatı olan COP29-un əhəmiyyətindən bəhs edərkən bu mötəbər tədbirin investisiya axınına öz müsbət təsirini göstərəcəyi xüsusi qeyd edildi. Milli Priortetlərdə azad edilmiş torpaqlarımızın malik olduğu iqtisadi imkanlar və onlardan səmərəli istifadə xüsusi yer alır. Əminliklə deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. Bu ərazilərdə əhalinin özünüməşğulluğunun təmin edilməsi üçün zəruri addımlar atılır. Əsas hədəf vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsidir.
Yeganə Əliyeva, «İki sahil»