08 yanvar 2025 01:58
226

Makron iyrənc xislətindən əl çəkmir

Fransa dövlətinin başçısı uğursuzluqlarını ört-basdır etmək məqsədilə Azərbaycanı hədəfə alıb

Avropa İttifaqının əsas üzvlərindən olan Fransa Ermənistanı silahlandırmaqda davam edir. Şübhəsiz, Makron Fransasının təcavüzkar ölkəni  silahlandırmaqda məqsədi Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları həzm edə bilməməsindən və rəsmi Bakının Ermənistan kimi onun diktəsi ilə oturub-durmamasından irəli gəlir. Çünki sözügedən ölkə tarixən hamıya dərs verməyə, bu tərzdə yaşamağa və düşünməyə öyrəşib. Təəssüf ki, Fransa bu gün də bu “adət”indən əl çəkmək istəmir. Belə ki, yanvarın 6-da ermənipərəst Prezident Emmanuel Makron səfirlər konfransındakı çıxışında real faktları təhrif etməklə Azərbaycan əleyhinə növbəti iddialarını səsləndirib. Bununla da o, sülh üçün real şərait yarandığı bir dönəmdə Cənubi Qafqazda əmin-amanlığın tərəfdarı olmadığını, regionda sabitliyi pozmaqda israrlı olduğunu bir daha ortaya qoyub. Bu, həm də Fransanın Ermənistanı həqiqətən revanşizmə hazırlamasından xəbər verir.

Məgər Fransa anlamır ki,  Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət savaşı yalnız Ermənistanın işğalına son qoymaq məqsədilə aparılıb? Şübhəsiz, anlayır. Amma bölgədəki maraqları, həmçinin “kiçik bacı”sı Ermənistana olan sevgisi ona reallıqları dilə gətirməyə imkan vermir.  Sual olunur: Rəsmi Paris Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasını, Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları, soyqırımlarını və insanlıq əleyhinə cinayətləri nə zaman dilə gətirəcək? Amma hələlik  görünən odur ki, Makron hökuməti əsla bu barədə düşünmək belə istəmir.

Fransanın məkrli neokolonializm siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi də heç bir məntiqə sığmır. Çünki bu, hər şeydən əvvəl, Makron Fransasının yanlış siyasətindən xəbər verir. Bu yerdə Çadın xarici işlər nazir Abderahman Kulamallahın sözlərini xatırlatmaq yerinə düşər.  O bildirib ki, Fransa rəhbərləri Afrika xalqlarına hörmət etməyi öyrənməlidir: “Fransa heç zaman afrikalı əsgərlərin İkinci Dünya müharibəsində qurban getməsini tanımayıb. Qitədə son 60 illik mövcudluğu zamanı Fransanın rolu öz strateji maraqları ilə məhdudlaşıb, Çad xalqının inkişafına heç bir ciddi töhfəsi olmayıb”.  Yeri gəlmişkən qeyd edək ki, 2022-2023-cü illər arasında ardıcıl olaraq Malidən, Burkina Fasodan və Nigerdən qovulduqdan, 2024-cü ilin noyabr ayında Seneqalı və Çadı da tərk etmək tələb olunduqdan sonra fransız ordusu Fil Dişi Sahilindəki hərbi qüvvələrini kəskin şəkildə azaldır. Kot d'İvuar (Abidjan şəhərinin ətrafı) Fransa hərbi bazası yanvarın sonuna qədər Fil Dişi Sahilinə təhvil veriləcək. Bu mənada əminliklə demək olar ki, sözügedən məsələdə Azərbaycanı təqsirləndirmək əvəzinə Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha doğru, həm də məntiqi olardı. Di gəl, Makron Fransası hələ də baş verənlərdən dərs çıxarmaqla deyil, əgər belə demək mümkünsə “dərs vermək”lə məşğuldur.

Bütün bunları nəzərə alan Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddialar barədə suala cavabında bir sıra mətləblərə aydınlıq gətirməklə yanaşı, haqlı olaraq belə bir çağırış da edib: “Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik”.

Yeri gəlmişkən,  “Le Figaro” qəzetinin sifarişi ilə Odoxa-Backbone sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 70 faizə yaxını Makronun istefasını istəyir.  Bir məsələni də xatırladaq ki, ötən il Fransa Prezidenti Emmanuel Makron üçün fəlakətli il olub. Belə ki, iyunda Avropa Parlamentinə seçkilərdə onun ifrat sağçı rəqibləri – “Milli Birlik” 81 yerdən 30-nu qazanıb. Daha sonra ölkədə keçirilən növbədənkənar seçkilər Milli Assambleyada mərkəzçi çoxluğun itirilməsi ilə nəticələnib. Mişel Barnyenin rəhbərliyi altında hökumət qurmaq cəhdi 2025-ci il büdcəsi üzrə konsensusa nail olmağa çalışarkən uğursuzluğa düçar olub. Makronçu yeni Baş nazir Fransua Bayrunun fəaliyyəti də ürəkaçan deyil. Siyasətçilərin fikrincə, F.Bayru hökumətinin də ömrü uzun olmayacaq.

Bu aspektdən çıxış etsək, elə bu il də Makron fəlakətlərdən qurtula bilməyəcək. Bu mənada o, əgər belə demək mümkünsə, əkdiklərini biçəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”