30 dekabr 2024 09:51
173

Azad torpaqlarımız Yeni ilə quruculuqla qədəm qoyur

Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Zəfərimiz Cənubi Qafqazda bütün istiqamətlər üzrə yeni şərait yaradıb. Azərbaycan İkinci Qarabağ müharibəsində Qələbəsi ilə regionda təhlükəsizliyin təmin olunmasına ümidi artırıb. Cənub Qafqazın təhlükəsizliyi həm də sülh və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə töhfə verib. Azərbaycanın Zəfəri region dövlətləri və bölgədə marağı olan güclərin əməkdaşlıq etməsinə də şərait yaradıb. Postmüharibə dövründə bir daha təsdiqləndi ki, işğalçı, dağıdıcı siyasət yürüdən Ermənistan regionun inkişafına mane olur. Azərbaycan bölgə üçün bu maneəni aradan götürdü. Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib.

Bu gün bütün şəhərlərimiz, kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, Prezident İlham Əliyevin Sərəncamı ilə“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və  Şərqi Zəngəzurun dirçəlişində,  əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir. Hazırda azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri çərçivəsində böyük infrastruktur layihələri icra olunmaqdadır. Xəstəxanalar, məktəblər, idman və digər infrastruktur obyektlərinin tikintisi sürətlə davam edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən layihələr çərçivəsində tunellər və körpülər inşa edilir, polad magistrallar çəkilir, bütün elektrik təsərrüfatı yenidən qurulur. Möhtəşəm yol şəbəkəsinin yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə böyük töhfədir.

Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan yaşıl enerji layihələri  regionun davamlı inkişafını təmin edəcək digər sahələrin də inkişafına təkan verir. Bu baxımdan yeni yaradılan Qarabağ Universiteti də şübhəsiz ki, regionda tarixən mövcud olmuş təhsil mühitini yenidən canlandıracaq. Qarabağ Universiteti yenilikçi bir iqtisadiyyatın əsas lokomotivlərindən olmaqla yanaşı, ölkənin elmi və texnoloji inkişafına təsir göstərməsi, innovasiya sahəsində mövqeyini gücləndirməsi, yüksəkixtisaslı kadrların hazırlanmasında və sosial-iqtisadi siyasətin həyata keçirilməsində mühüm rol oynayacaq.

Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının istifadəyə verilməsi həm də Böyük Qayıdış Proqramının sürətlənməsini təmin edir. Bu ərazilərin əlverişli coğrafi mövqeyi, ekoturizm imkanları, relyefi xarici turistlər üçün olduqca cəlbedicidir. Bu baxımdan Füzuli, Zəngilan və Laçın ərazilərində aparılan bərpa-quruculuq işlərinə 2020-ci ildən başlayaraq ümumilikdə 22 milyard manata yaxın, o cümlədən 2025-ci ildə 4 milyard manat vəsait ayrılıb.

2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 minə yaxın insan yaşayır.

Şəmsiyyə Əliqızı, “İki sahil”