2024-cü il ölkəmiz üçün bir çox mənalarda həm yaddaqalanlığı ilə, həm də uğurların sayına görə əvvəlkilərdən kəskin şəkildə fərqləndi. Belə ki, 2024-cü ildə Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla davam etdirdi, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək regional və qlobal məkanda önəmli tərəfdaşa çevrildi. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın 2024-cü ildə ən böyük uğuru ölkəmizin COP29 kimi qlobal və nüfuzlu bir tədbirə ev sahibliyi etməsi oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edildi. Bu il çərçivəsində keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir oldu. Onun təşkili və keçirilməsi üçün cəmi 11 ay vaxt sərf edildi ki, bu müddətdə hər bir iştirakçını heyrətləndirən hazırlıq işləri görüldü. COP29-un Liderlər Sammitindəki çıxışında dövlətimizin başçısı İlham Əliyev əminliklə qeyd etdi ki, Azərbaycan COP29-un sədri kimi yaşıl keçidin güclü carçısı olacaq.
Noyabrın 11-23 tarixlərində Bakı bütün dünyanın mərkəzinə çevrildi. COP29-a qatılmaq üçün 197 ölkədən 76 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması həm dövlətimizə, həm də dövlətimizin başçısı İlham Əliyevə böyük etimadın göstəricisi oldu. İqlim konfransında qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.
COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşıdı. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəliyin - Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasını nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olundu.
Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Ümumiyyətlə, cari ilin ən yadda qalan ən mötəbər tədbiri olan COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.
Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatına 4 il ardıcıl olaraq yekdilliklə sədr seçilməsi, İslam Əməkdaşlıq Təşkilatında fəal təmsil olunması, eləcə də ötən il 200 ölkənin yekdil qərarı ilə COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuz və qüdrətinin göstəricisidir. Azərbaycan təbii resurslarla zəngin ölkədir. Onlardan səmərəli istifadə etibarlı, arzuolunan tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23000, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın sədrliyi 2025-ci ilin noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək COP-30-a qədər davam etməklə yanaşı, iqlim diplomatiyası fəal şəkildə həyata keçiriləcək. Göründüyü kimi, ölkəmiz 2024-cü ildə özünün xarici siyasətində mühüm və olduqca effektiv, davamlı xətti daha da inkişaf etdirib. Bu isə qarşıdan gələn 2025-ci ildən olduqca böyük perspektivlər gözləməyə əsas verir.
Yaqut Ağaşahqızı, "İki sahil"