2021-ci il yanvarın 6-da Kapitoliyə hücumu pisləyən bir neçə böyük şirkət ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə fonduna pul bağışlayır.
“İki sahil” xəbər verir ki, bu barədə çərşənbə axşamı “Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, 2025-ci ilin yanvarında Trampın andiçmə mərasiminə vəsait ayıran ən azı 11 şirkət 2021-ci ildə Kapitoliyə hücumu pisləyib. Məsələn, Amerika Əczaçılıq Tədqiqatları və İstehsalçıları Assosiasiyası (PhRMA), “Ford”, “Intuit” və “Toyota” indi Trampın inauqurasiyası üçün hər biri 1 milyon dollar ayıracaq: “6 yanvar 2021-ci il hadisələrini tənqid edən digər böyük donorlar arasında “Bank of America” və “Goldman Sachs”, “General Motors Corporation” və ABŞ-ın ən böyük telekommunikasiya operatorlarından biri olan “AT&T”nin adını çəkir”.
“Wall Street Journal” yazır ki, yeni Respublikaçı administrasiya ilə dostluq münasibətləri qurmaq ümidi ilə iri şirkətlərin rəhbərləri Trampın Mar-a-Laqo iqamətgahına (Florida) axışırlar. Onlar yeni seçilmiş prezidentlə əlaqələri düzəltməyə tələsirlər.
Qəzet xatırladır ki, bundan əvvəl “Meta” korporasiyası və Amerika onlayn pərakəndə satış şirkəti “Amazon” da Trampın inauqurasiya fonduna 1 milyon dollar ayırdığını elan etmişdi.
Trampın komandası 2025-ci il andiçmə mərasimi üçün ianələrin miqdarının 2017-ci ilin göstəricilərini üstələyəcəyini gözləyir. O vaxt respublikaçılar təxminən 107 milyon dollar toplaya bilmişdilər.
Xatırladaq ki, 2021-ci il yanvarın 6-da ABŞ-ın o zamankı prezidenti Donald Trampın tərəfdarları 2020-ci ilin noyabrında keçirilən və Baydenin qalib gəldiyi prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün ABŞ Konqresinə basqın ediblər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”