Cari tədris ili üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində ümumilikdə 90 mindən çox şagirdin iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, fənn olimpiadaları 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə ölkənin müxtəlif bölgələrindəki 190 mərkəzdə keçirilib.
İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlamış ümumi təhsil müəssisələrinin şagirdləri də fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak ediblər.
Belə ki, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Xocalı şəhəri 1 nömrəli və Füzuli şəhər M.Uluqbəy adına 1 nömrəli tam orta məktəblərdə ümumilikdə 213 nəfər şagird respublika fənn olimpiadalarına qatılıb.
Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün dekabrın 28-də, X-XI siniflər üçün isə dekabrın 29-da keçiriləcək.