Dekabrın 11-12-də Türkiyənin İstanbul şəhərində “Take Off İstanbul” startap sammiti keçirilib.
Bu barədə "İki sahil"ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin və Prezident İnvestisiya İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən sammit sahibkarlıq mühitini gücləndirmək məqsədi daşıyıb.
Tədbirdə "ASAN xidmət"in “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan “Savafy.org”, “Taskool” və “KidFi”, “Gələcək üçün bacarıqlar” layihəsinin “Vooshi”, “Medappoint”, həmçinin “Glorri” yerli startapı innovativ həlləri və texnologiyaları ilə ölkəmizi təmsil ediblər. Onlar investorlarla və ekosistemin əsas oyunçuları ilə tanışlıq imkanı qazanıblar.
“İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktara təqdim olunan innovativ layihələr barədə məlumat verib. Selçuk Bayraktar startapların fəaliyyətini yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.
Tədbir çərçivəsində Türk İnvestisiya Fondu, "Yandex", "Al Baraka", "Sglobe.co", T3 Vəqfi, "ODTÜ Teknokent", "Havelsan", "Bilişim Vadisi" və bir çox vençur fondlarla da görüşlər keçirilib və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
Beynəlxalq startap sammiti olan "Take Off" innovasiya üçün maneəsiz mühit yaratmaq məqsədilə sahibkarları, mentorları, vençur kapitalı təmsilçilərini və şirkətləri bir araya gətirir. Sammit sahibkarların innovativ layihələrini təqdim etmələri, investorlarla birbaşa əlaqə qurmaları, sənaye liderlərindən ilham almaları və yeni biznes imkanları yaratmaları üçün unikal fürsətlər yaradır.
Bu günə qədər 100-dən çox ölkədən 801 startapı, 412 mentoru və investoru, 166 məruzəçini bir araya gətirən və ümumilikdə 755 min dollarlıq mükafat fondu təqdim edən “Take Off İstanbul” sahibkarlıq ekosisteminin inkişafına həsr olunmuş qlobal miqyaslı qeyri-kommersiya tədbiridir.