“Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsi son oxunuşda təsdiqlənib.
“İki sahil” xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, üç fəsil, 14 maddədən ibarət qanun layihəsi Azərbaycanda mina əleyhinə fəaliyyətin, o cümlədən minatəmizləmə fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə şamil ediləcək.
Sənəd Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Azərbaycanın təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyətə şamil edilməyəcək.
Minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq ediləcək.
İnsanların həyat və sağlamlığına, əmlakına ziyan vurulmasının qarşısının alınması məqsədilə təhlükəli ərazilərin sərhədlərində xəbərdarlıq nişanlarının yerləşdirilməsi səlahiyyətli qurum və ya həmin ərazidə minatəmizləmə fəaliyyətini həyata keçirən icraçılar tərəfindən təmin olunur.
Zərərçəkmişlərə “Psixoloji yardım haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlara uyğun olaraq ödənişsiz psixoloji və tibbi yardım göstəriləcək.
Mina əleyhinə fəaliyyət dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.
Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir
YAP Kürdəmir rayon təşkilatı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib