12 dekabr 2024 23:43
286

Ermənistan Suriya yolu ilə gedir

İkinci Qarabağ müharibəsində məğlub olub kapitulyasiya aktını imzalayan, vədlərini, məsuliyyətini unudan Ermənistanın baş naziri Nikol Paşinyan o vaxtdan keçən dörd ildə buqələmun kimi təkcə rəngini deyil, sülh sazişi ilə bağlı mövqeyini də dəyişir. Bu dəyişmələrin səbəbi də, müəllifi də ABŞ və Qərbdir. Avropa İttifaqının (Aİ) Ermənistanla Azərbaycanın şərti sərhədində Mülki Müşahidə Missiyasını yerləşdirməsi ilə vəziyyəti daha da gərginləşdirən Avropa İttifaqı Cənubi Qafqazla bağlı müxtəlif planlar hazırlayır, təxribatlar törədir. Ermənistanın baş naziri Nikol Paşinyanı siyasi, hərbi yardımları ilə arxayın salan anti-Azərbaycan dairələr tərəflər arasında sülh sazişinin imzalanmaması üçün ən çirkin hiylələrə belə əl atırlar. Cənubi Qafqaza müdaxilələri yolverilməz adlandıran, sülh sazişinin bölgə dövlətlərinin iştirakı ilə imzalanmasını ən uyğun şərt olduğunu dəfələrlə qeyd edən Prezident İlham Əliyev Gürcüstan variantını da istisna etmir. Eyni zamanda bildirilir ki, sülh sazişinə yamaq olan Aİ-nin Mülki Müşahidə Missiyasının sərhəddə qalmasına lüzum olmadığı üçün qeyri-qanuni bu fəaliyyət başa çatmalıdır. Ona görə ki, missiyanın iki ölkə arasındakı şərti sərhəddə yerləşdirilməsi ilə bağlı Praqada alınan qərara əsasən bu missiya qısa müddət üçün nəzərdə tutulmuşdu. Amma təəssüf ki, sonradan hərbi məsələlərə də burnunu soxan «sülh missiyası»nın vaxtı da, mandatı da genişləndirilir, bir növ NATO standartlarına uyğunlaşdırılır. Halbuki, dəfələrlə qeyd olunub ki, Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma şəklində delimitasiya və demarkasiya prosesi aparılırsa burada üçüncü qüvvənin qalmasına ehtiyac yoxdur. Onun tərkibinin hərbçilərlə zənginləşdirilməsi isə Aİ-nin Mülki Müşahidə Missiyasının «sülhsevər» niyyətinə kölgə salır. «Binokl diplomatiyası» da regionda sülhün möhkəmləndirilməsinə real təhlükədir. Ən inandırıcı gerçək budur ki, Cənubi Qafqazda sabitliyin yaranması üçün sülh sazişi iki ölkə arasında imzalanmalıdır. Aİ missiyasının sərhəddə olması vəziyyəti daha da gərginləşdirir. Təəssüf ki, bəzi Aİ ölkələri bu qurumun adından istifadə edərək Ermənistanda militarizasiya proqramları həyata keçirir, təxribatlar üçün bilərəkdən münbit şərait formalaşdırırlar. Qərbin son məkri olan Gürcüstan hadisələri isə Cənubi Qafqazda yerləşmək üçün oyuncaq Ermənistandan hər cür istifadə edən, onu silahlandıran, Sülh Fondu adı ilə hərbi yardımlarını əsirgəməyən erməni havadarlarının siyasi şoularındandır. Bölgədə siyasi, iqtisadi qüdrəti ilə seçilən Azərbaycana təsir imkanları məhdud olan ABŞ, Qərb Gürcüstan variantını hazırlasalar da Cənubi Qafqazın bu ölkəsində də maraqlarını gerçəkləşdirə bilmədilər. Bu ölkədə keçirilən parlament seçkilərində «Gürcü Arzusu- Demokratik Gürcüstan» partiyasını dəstəkləməklə ölkədə iğtişaşlar yaradaraq siyasi sabitliyi pozanların dişlərini sındıran gürcü xalqı Qərb təsisatlarına öz yerini göstərdi. Ermənistanda olduğu kimi, Gürcüstanda da hakimiyyətə təsir imkanlarına malik olmaq üçün bu ölkənin Fransa vətəndaşı, gürcü əsilli Prezidenti Salome Zurabişvilidən istifadə variantı da bir nəticə vermədi.

Cənubi Qafqaz iştahasını hələ də davam etdirən ABŞ, Qərb, daha çox Avropa İttifaqı həmişəki kimi Ermənistanı yenə də hədəfdə saxlayırlar. ABŞ hərbçiləri Ermənistanda təlimlərini davam etdirirlər. Hindistan, İran, Yunanıstan rəsmi İrəvana silah-sursat göndərir. Ermənistanın əsas havadarı Fransa rəsmi İrəvanla hərbi əməkdaşlıqla bağlı saziş imzalayır. Göründüyü kimi, kənardan göstərilən dəstəyə arxalanan Ermənistan sülh sazişini imzalamağa həvəs göstərmir və tələsmir. Sülh sazişinin imzalanması üçün başlıca şərt olan Ermənistanın konstitusiyasında və digər sənədlərində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı maddələrə dəyişikliklə bağlı rəsmi Bakının şərtləri barədə düşünmək istəmir. Amma istəmək başqa, reallıqla barışmaq tam başqadır. Zamanın hansı möcüzələr gətirəcəyini heç kim bilməz.

Baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl parlamentdə çıxışı zamanı Ermənistanın müstəqillik Bəyannaməsini böyük problem, faciə adlandırıb. Bu sənədi dəhşətlə oxuduğunu bildirən baş nazir qeyd edib ki,, Bəyannamənin mahiyyətinə görə Ermənistan respublika kimi əsla mövcud ola bilməz. Bu halda sual olunur: Əsl Ermənistan haradadır, ermənilər hansı ölkənin vətəndaşlarıdırlar və öz ölkələrini harada axtarmalıdırlar. Həmin sənəddə Türkiyəyə və Azərbaycana qarşı ərazi , saxta «erməni soyqırımı» ilə bağlı iddiaların yer alması sülh sazişinin imzalanmasına başlıca əngəldir. Çox təəssüf ki, bu kimi həqiqətləri bütün Ermənistanda, bu ölkədən kənarlarda belə hamı bilsə də, kənar müdaxilələrə arxalanan baş nazirin «siyasətdə sürüşmə» adəti hələ də mövcuddur. Amma artıq zamanın tələbi də, şərti də dəyişir.

Torpaqlarımız 30 il işğal altında qaldığı müddətdə Suriyanın terror kamplarında təlim keçən silahlıların azərbaycanlı əsirlərə verdikləri işgəncələr barədə dəhşətli faktlar istənilən qədərdir. Bu ölkənin Ermənistana silah-sursat yardımları da bəllidir. Son günlərdə dünyanı dəhşətə gətirən, ölkəsini qoyub qacan qaniçən prezident Bəşər Əsəd silahlılarının günahsız insanlara qarşı törətdikləri vəhşiliklərlə ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlər, kütləvi qırğınlar eynilik təşkil edir. Suriyada baş verənlər təsdiqləyir ki, məzlumun ahı heç vaxt yerdə qalmır. Bir gün Ermənistan da törətdiyi cinayətlər üçün Azərbaycan xalqı qarşısında hesab verməli olacaq. İllərdən bəri Suriyanı terror yuvasına döndərənlər, müxtəlif ölkələrin qarşıdurma bölgəsinə çevirənlər, zalımlara əl tutanlar yüz minlərlə insanın həyatına son qoyan baş cəllad Bəzər Əsədə arxa çevirənlərin əməlləri Paşinyana da xəbərdarlıq, dərs olmalıdır. Birlikdə törətdikləri cinayətlərə şərik olmamaq, məsuliyyətdən boyun qaçırmaq üçün Suriyanı tərk etməklə günahlarını yuduqlarını təsəvvür edən ABŞ-ın, Qərbin, İranın bu gün Ermənistanda qanlı siyasətlərini davam etdirmələri göstərir ki, minlərlə azərbaycanlının qətlinə fərman verən haylar da Əsədin taleyini, aqibətini yaşayacaqlar. İndi Suriyanı meydanda tək qoyan ABŞ, Qərb gələcəkdə Ermənistandan da imtina edəcək. O zaman Ermənistanın sığınacağı ən etibarlı məkan uzaqlarda yerləşən ABŞ, Qərb deyil, yaxın qonşuları Azərbaycan və Türkiyə olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»