07 dekabr 2024 11:30
186

İstanbulda Türkiyədə məskunlaşan həmvətənlərimizin qəbulu başlayıb

Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan, Azərbaycan vətəndaşı olması ehtimal edilən şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər görülməkdədir.

“İki sahil” xəbər verir ki, bu tədbirlər çərçivəsində dekabrın 7-dən ölkəmizin İstanbuldakı Baş konsulluğunun binasında 1990-cı illərdə Türkiyəyə mühacirət etmiş və o vaxtdan bəri orada qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşlarının qəbulu başlayıb. Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum və nikah haqqında şəhadətnamə və s.) verilməsi, eləcə də digər konsulluq əməliyyatları həyata keçiriləcək.

Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizləri ediləcək.

Qəbul Türkiyə ilə razılaşdırmaqla məsələ üzrə Azərbaycanın aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrup tərəfindən dekabrın 15-dək həftənin hər günü keçiriləcək.