Sentyabrın 9-da Qərbi Azərbaycan İcmasının inzibati binasında Çəmbərək rayonundan olan bir qrup gənclə görüş keçirilib. Görüşdə yerli ali təhsil müəssisələrinə 600-dən yüksək balla, eləcə də xarici ölkələrin universitetlərinə təqaüdlə və ya yüksək göstəricilərlə qəbul olunmuş tələbələr iştirak ediblər.
“İki sahil” xəbər verir ki, görüş Ümummilli Lideri Heydər Əliyev, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Görüşdə Azərbaycan gənclərinin inkişafı və ölkənin ictimai həyatındakı rolundan bəhs edən videoçarx nümayiş olunub. Həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı çıxışlarından hissələr təqdim edilib.
Çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tələbə adını qazanan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, getdikcə dünyada nüfuz qazanan və regionda söz sahibinə çevrilən Azərbaycanın dayanıqlı inkişafında, siyasi və mədəni həyatında cəmiyyətin aparıcı qüvvəsi olan gənclik mühüm rol oynayır. Azərbaycan gəncləri dövlət quruculuğunda, ictimai-siyasi həyatda, ordu quruculuğunda, elm və təhsil sahələrində fəal iştirak edərək uğurlar qazanırlar. İcma sədri Qərbi azərbaycanlı gənclərin yüksək səviyyədə təhsil almasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, soydaşlarımızın öz doğma yurdlarına ləyaqətli şəkildə, sülh yolu ilə qayıtması ideyasının yaşadılmasında və bu istiqamətdə görülən işlərin davam etdirilməsində məhz gənclər əsas missiyanı daşıyacaqlar.
Çəmbərək Rayon İcmasının sədri, professor Əvəz Ələkbərov gənclərə təbrikini çatdıraraq təhsil həyatı ilə bağlı tövsiyələrini bölüşüb. Bildirib ki, ölkəmizin parlaq gələcəyi və müstəqilliyimizin daha da möhkəmlənməsi savadlı, geniş dünyagörüşünə malik, vətənpərvər gənclərlə təmin olunacaq. Çəmbərək Rayon İcması üzrə gənclərin imtahanlarda yüksək nəticələr göstərdiyini məmnunluqla diqqətə çatdıran icma sədri gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib.
Çəmbərək Rayon İcması sədrinin birinci müavini Aynurə Məhəmmədova bu il ali təhsil müəssisələrinə qəbul olan gənclərlə bağlı statistik göstəriciləri diqqətə çatdırıb. Məlumat verilib ki, 2026-cı ildə tələbə adını qazanmış 221 gəncdən 21-i 600-dən çox balla yerli ali məktəblərə daxil olub. 11 nəfər isə Avropanın (Böyük Britaniya və Almaniya), Şərqi Asiyanın (Çin), eləcə də Türkiyənin nüfuzlu universitetlərinə təqaüdlə və yüksək göstəricilərlə qəbul olunub. Çəmbərək Rayon İcması üzrə ən yüksək nəticəni Toxluca kəndindən Həsənli Zəfər İlqar oğlu göstərib. O, 697,5 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub.
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, deputat Arzuxan Əlizadə gəncləri təbrik edərək, müasir dünyada ən böyük gücün elm və intellekt olduğunu vurğulayıb. O, gənclərə seçdikləri peşənin sirlərinə mükəmməl yiyələnməyi, daim öyrənməyi, dövlətimizə və millətimizə layiqli mütəxəssislər kimi yetişməyi tövsiyə edib. Bildirib ki, Azərbaycan gəncləri Vətən müharibəsində olduğu kimi, gələcəkdə qarşıda duran milli məsələlərin, o cümlədən Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətindəki fəaliyyətlərdə mühüm rol oynayacaqlar.
Görüşdə Çəmbərək Rayon İcması sədrinin müavini, Gölkənd kənd icmasının sədri Tanrıverdi Mustafayev, Qaraqaya kənd icmasının sədri Rüxsarə Həsənova, İcmanın Beynəlxalq əlaqələr və Ziyalılar üzrə məsul şəxsi Həqiqət Hacıyeva və "İncəsənətin tərəqqisinə dəstək" İB-in rəhbəri Turanə Orucova çıxış edərək, gənclərə xoş arzularını çatdırıblar. Valideynlər adından çıxış edən Akif Musayev və Validə Ağamalıyeva gənclərə göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
Sonra ən yüksək nəticə göstərən gənclərdən Zəfər Həsənli (697,5 bal) və Nilufər Məmmədova (660 bal) çıxış edərək uğur sirlərindən, gələcək hədəflərindən bəhs edib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Sonda tələbə adını qazanmış gənclərə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub. Tədbir gənc ifaçıların milli musiqi nömrələri ilə başa çatıb.