07 dekabr 2024 00:29
257

İrəvan xanının nəvəsi dedi ki...

Azərbaycan öz həqiqətlərini böyük tədbirlərlə Qərbin kor gözlərinə soxmalıdır

Başımıza gətirilən müsibətlərin kökünü müasir dövrdə deyil, uzaq keçmişdə axtarmalıyıq. Çünki türk-müsəlman aləminə kin və nifrət o dövrlərdə formalaşıb. Din amilindən istifadə edərək xalqlar arasında nifaq salan xaçlı səlibçilərin nəvə-nəticələri həmin mənfur niyyətlərindən heç də əl çəkmək fikrində olmadıqlarını göstərirlər. Bu gün başda ABŞ olmaqla bir çox Qərb dövlətləri və iri beynəlxalq təşkilatlar birmənalı olaraq ya birbaşa, ya da dolayısı ilə işğalçı Ermənistana dəstək verirlər. Üç yüz illik tarixi hadisələr, faktlar və həqiqətlər xristian dövlətlərini Azərbaycanın haqlı olduğuna inandıra bilmir. Çünki inanmaq istəmirlər, iyrənc dini ayrı-seçkilik təfəkkürü buna imkan vermir. Ermənistan adlanan dövlətin Azərbaycan ərazisində qondarıldığını, silahlı erməni quldurları tərəfindən azərbaycanlıların iki dəfə soyqırımına məruz qoyulmasını, 1918-1923-cü illərdə 150 mindən, 1948-1953-cü illərdə 300 min nəfərdən, 1988-1991-ci illərdə 250 min nəfərdən artıq azərbaycanlının öz qədim torpaqlarından zorla deportasiya edilməsini, varidatlrının talan olunmasını və s. cinayətləri etiraf etmək istəmirlər. Çünki bu, onlara sərf etmir. O səbəbdən ki, bütün zamanlarda həmin cinayətlərin törədilməsində özlərinin də fəal iştirakı var. Sonuncu Qarabağ müharibələrində də onların barmaq izləri açıq görünür. Ərazisi işğal edilən Azərbaycana istər ABŞ-dan, istərsə də Avropa dövlətlərindən, beynəlxalq təşkilatlardan gələn saysız təpkilər ədalət arxasında gizlənənlərin əsl niyyətlərinin iyrənc ifadəsi idi. Gözlərinin önündə vəhşiliklə törədilən Xocalı soyqırımına əhəmiyyət verməyib 1915-ci ildə beş-on erməninin ölməsini soyqırımı kimi tanımaq siyasi sırtıqlıqdan başqa bir deyil. Təəssüf ki, həmin murdar əməllər yenə də davam etdirilməkdədir.

Hazırda Azərbaycanda 30 mindən artıq erməni yaşadığı halda Ermənistanda bir nəfər də olsun azərbaycanlı öz dədə-baba torpağında yaşamır. Vicdanını çoxdan itirmiş avropalı neofaşistlər öz xoşları ilə Azərbaycanı tərk edən ermənilərin Qarabağa qaytarılmasına çalışsalar da azərbaycanlıların öz doğma yurdlarına qaytarılmalarından bir kəlmə də danışmırlar. Ona görə də Qərbi azərbaycanlılar icma halında birləşərək tədbirlər keçirir, beynəlxalq təşkilatlara müraciət edir və öz hüquqlarının bərpasını istəyirlər. İcmanın üzvləri bu günlərdə II beynəlxalq konfrans keçiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilən II beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Dövlətimizin başçısı qeyd edib ki, Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir.

Prezident sözünün davamında deyib: "Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir".

Dövlət başçısının bu sözləri qardaş Türkiyədə rezonans doğurub. Çünki deportasiyalar zamanı bir çox Qərbi azərbaycanlılar yaşamaq üçün Türkiyəyə üz tutublar.

"Bu konfransın təşkil edilməsi düzgün qərardır. Bunu dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycana çox böyük xidmət göstərir."

Bu fikirləri mətbuata sonuncu  İrəvan xanı Həsən xanın nəvəsi, hazırda Türkiyədə yaşayan professor Turxan Turqut bildirib. Professor hesab edir ki, Qərbi azərbaycanlıların səsini dünya ictimaiyyətinə çatdırmaq üçün ən uyğun platforma beynəlxalq konfranslardır: "Məsələnin media vasitəsilə işıqlandırılması kifayət deyil, diaspora da o qədər güclü deyil. Buna görə də biz beynəlxalq konfranslar vasitəsilə səsimizi Qərbə çatdırmalıyıq. Konfransda diplomatların da iştirak etməsi müsbət haldır çünki haqlı mübarizəmizdə bizi dinləyə bilirlər. İndiki dövrdə yüz minlərlə azərbaycanlının İrəvana köçməsi asan məsələ deyil. Amma ən azından dünya haqlı mübarizəmizi qəbul edilməlidir. Bu baxımdan konfransın keçirilməsini önəmli hesab edirəm".

Xatırladaq ki, Turxan Turqut axırıncı İrəvan xanı Həsən xanın nəvəsi, Hüseyn Turqutun oğludur. Hərbçi Hüseyn Turqut 1917-ci ildə bolşeviklərin təqibindən qurtarmaq üçün Türkiyəyə gedərək orduda xidmət edib. Türk hərbi hava qüvvələri üçün çox sayda pilotlar hazırlayıb. Atatürk tərəfindən medalla təltif olunub və ona general-mayor rütbəsi verilib. Turxan Turqut qardaş ölkədə yaşasa da ürəyi Azərbaycanla bir döyünür, Vətəninin uğurları ilə fəxr edir. Qayıdaq əsas mövzuya.

Professor tamamilə doğru deyir, indiki həqiqəti görmək istəməyənlərin əhatəsində kiçik tədbirlərlə mübarizə aparıb uğur qazanmaq çətindir. Həqiqətdə də belədir. Kiçik həcmli tədbirlər bu cür beynəlxalq konfrans kimi effekt verə bilməz. Məsələn, COP29 kimi nəhəng bir tədbirin iştirakçıları öz ölkələrinə Azərbaycan haqqında zəngin bilgilərlə döndülər. Bu miqyasda tədbirlərimiz əlbəttə, qələbələrimizin rəhni olacaqdır.

Vəli İlyasov, "İki sahil"