Xalqımızın tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 50 milyonluq soydaşlarımız üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan azərbaycanlıların birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təsis olunmuşdur.
Buquqda əlaqədar ilk qərar 1991-ci ilin dekabr ayının 16-da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmişdir. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazanmışdır və həmin gündən bütün dünya azərbaycanlıları hər il bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissləri və ideyaları təşkil edir. Azərbaycanın dövlət müstəqilliyinin qarantı, xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar davamlı olub.
Məhz 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da azərbaycançılıq ideyasının möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirdi. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı Sərəncamla 9-10 noyabr 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayı müxtəlif ölkələrdə məskunlaşan soydaşlarımızın Vətənə məhəbbət duyğularını birləşdirdi. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Qurultayda Azərbaycanın 50 milyonluq bir xalqın Vətəni olduğunu bildirən Ulu Öndər ən böyük azərbaycanlı missiyasını yerinə yetirdiyini Vətəninə, xalqına sonsuz məhəbbəti ilə bildirirdi. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlər söyləyərək, "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" –deməsi hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Dörd il əvvəl -2020-ci il il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxıb. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilib. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olub.
Dünyanın hər bir yerinədə yaşayan azərbaycanlıların həmrəyliyini təcəssüm etdirən Vətən Müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi və Möhtəşəm Zəfərə nail olundu. Bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. 2022-ci ilin aprelin 22-23-də Şuşa şəhərində keçirilən 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə dünya Azərbaycanlılarının V Qurultayı keçirilmişdir. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri