Bir neçə gün öncə baş nazir Nikol Paşinyan Ermənistanın keçmiş prezidentlərini Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair ictimai debatlara dəvət edib. Keçmiş prezidentlər və ya onların nümayəndələri bu təklifi rədd ediblər. Paşinyan özünün “Facebook” səhifəsində onun debata çıxmaq təklifindən qaçan eks-prezidentlərə cavab verib: “Keçmiş prezidentlər deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur, amma mənimlə 6 ildir ki, uzaqdan, təhlükəsiz məsafədə müzakirə aparırlar. Müzakirə edəcək bir şeyiniz yoxdursa, o zaman təqaüdlərinizi alın və ya məhkəmə iclaslarınıza gedin, nümayəndələriniz, tanışlarınız, dostlarınız, bəzən də xarici tanışlarınızla birlikdə dediyim hər şeyi ciddiyə almayın”. Paşinyan eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyana məsləhət də verib: "Əgər siz mənim dediklərimi müzakirə etsəniz, gəlin və arqumentləri xalqın qarşısında üzbəüz təqdim edin və "diplomatik olaraq" tez cavab verməyin, insanların əksəriyyəti hələ də bu dili başa düşmür".
Bildirək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə Sorosun dəstəyi ilə hakimiyyətə gəldiyi ilk gündən eks-prezidentlərə qarşı cəbhə alıb. Bu, zaman-zaman müxtəlif məhkəmə çəkişmələri, əmlak müsadirəsi, illərlə davam edən cinayət işləri ilə özünü büruzə verib. Əsasən seçkiləröncəsi daha da sərtləşən bu kampaniya əslində siyasi rəqiblərini sıradan çıxarmaq, 2020-ci il müharibəsindən sonra xeyli aşağı düşən reytinqini qaldırmağa çalışma cəhdləri ilə müşayiət olunub. Hədəf kimi daha çox Ermənistanın ikinci prezidenti Robert Koçaryan və üçüncü prezident Serjik Sarkisyan hədəf götürülüb. Düzdür, son iki şəxsin də erməni siyasi arenasında o qədər də çəkisi qalmayıb və 2020-ci il müharibəsi bu şəxslərin canına vəlvələ salıb. Məsələ burasındadır ki, Qələbədən sonra Azərbaycan tərəfi haqlı olaraq Koçaryan və Sarkisyanın müharibə cinayətlərində ittiham edir, onların ədalət məhkəmələrində cavab verməsini tələb edib. Qarabağ separatçılarının həbsindən sonra isə bu iki şəxsin yuxuları ərşə çəkilib, iki ölkə arasında imzalanacaq sülh sazişinin belə bir reallığın onlar üçün də yaranmasından qorxduqları üçün ölkədəki ruporları, xaricdəki dəstəkçiləri vasitəsilə hər vəchlə sülh danışıqlarını baltalama yolunu tutublar. Bununla yanaşı, Nikol Paşinyan da bu məsələdən istifadə edərək, Serjik və Roberti hər dəfə hədəf göstərir, bu gün Ermənistanın üzləşdiyi çətinliklərin əslində bu siyasilərin günahı olduğunu deməkdən çəkinmir. Elə baş nazirin 1994-cü ildən bu yana Azərbaycanla aparılan danışıqların əsas mövzusunun Qarabağın Azərbaycana qaytarılması olduğu barədə açıqlaması erməni siyasi arenasında bomba effekti yaradıb. Maraqlıdır ki, Paşinyan bu dəfə Koçaryan və Sarkisyandan başqa müəllimi, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da hədəf kimi göstərib. Əslində 90-cı ildən bəri Azərbaycan ilə Ermənistan arasında baş verənləri Paşinyan da yaxından izləyib və hadisələrin hansı şəkildə cərəyan etməsini dəqiq xronoloji ardıcıllıqla bilir. Çünki həmin vaxt baş nazir jurnalustika fəaliyyəti ilə məşğul idi. O, çox gözəl bilir ki, 44 günlük müharibəyə qədər heç vaxt Ermənistan rəhbərliyinin, onun prezidentlərinin və bu dövlətin beynəlxalq havadarlarının Qarabağı Azərbaycana qaytarmaq fikri olmayıb. Əksinə, beynəlxalq səviyyədə hədəf ondan ibarət olub ki, 2020-ci ilin 27 sentyabr tarixinə qədər mövcud olan status-kvo onilliklərlə saxlanılsın, Azərbaycanda nəsil dəyişsin və işğal edilmiş torpaqlar unudulsun. Ardınca isə hər hansı bir formada Qarabağ və ətraf rayonlar Ermənistan ərazisi kimi rəsmiləşdirilsin. Elə isə Paşinyan nədən məsələləri qəsdən qarışdırır, hamıya gün kimi aydın olan ən yeni tarixi təhrif etməyə çalışır, məqsəd nədir?
Bəli, bu yerdə xatırlatmaq gərəkdir ki, artıq Ermənistanda seçkilərə bir il qaldı - 2026-cı il seçkilər ilidir. Ölkədə Paşinyanın qarşısına çıxa biləcək, onu məğlub edəcək elə ciddi bir siyasi qüvvə yoxdur. Amma Nikolun reytinqi artıq 2018-ci ildəki kimi 80 faizin üzərində deyil. Axırıncı seçkilərdən sonra baş nazirin reytinqinin 60-70 faiz arasında tərəddüd etdiyi bildirilir. Paşinyanın dəstəkçiləri olan Qərb institutları seçki texnologiyalarını çox gözəl bildiklərindən ona məsləhət verirlər ki, bu reytinqlə seçkiyə getmək risklidir. Ona görə də baş nazir bu yalan üzərində qurulmuş debat şousundan istifadə edərək elan edilməmiş seçki kampaniyasına start verdi. Paşinyan istəyir Qərbin onun üçün hazırladığı ssenari ilə bir daha sübut etsin ki, əslində Qarabağın itirilməsinin əsas səbəbkarı ona qədər hakimiyyətdə olan siyasi qüvvələrdir. Paşinyanın qoyduğu məsələ yalan və qıcıqlandırıcı olsa da, mahiyyətdə bir həqiqət payı var ki, Sarkisyan-Koçaryan hakimiyyəti Azərbaycanın razılaşdığı, münaqişənin dinc yolla mərhələli həllinə razılaşıb, heç olmasa Qarabağa status ala bilərdi. Əslində Paşinyan məhz bu arqumentə əsaslanaraq eks-prezidentləri cəmiyyət qarşısında bir qədər də gözdən salmaq istəyir.
Bu isə deməyə əsas verir ki, baş nazirə hansısa gizli bilgilər və məlumatlar sızdırılıb və bu dəfə Koçaryan-Sarkisyan cütlüyünü ciddi təhlükə gözləyir. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, bu açıqlama və debat təklifləri ilə ATƏT-in Minsk qrupunun buraxılması məsələsi artıq ciddiləşir. Hadisələrin gedişatı isə göstərir ki, növbəti il Ermənistanın siyasi arenasında ciddi dəyişikliklər olacaq. Uzun müddətdir siyasi meyitə çevrilən Sarkisyan və Koçaryanın dövlətə xəyanət ittihamı ilə üzləşə biləcəyi də ehtimal edilir.
Sevinc Azadi, “İki sahil”