Azərbaycanın beynəlxalq idman oyunlarında, Olimpiyadalarda, dünya çempionatlarında hər zaman yüksək səviyyədə iştirakı ölkəmizin idman sahəsindəki müvəffəqiyyəti olmaqla yanaşı, həm də uğurlu dövlətlətlərarası dostluq münasibətlərinin də təməlində duran məsələlərdəndir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması və bu sahədə qazandığımız nailiyyətlərin təməlində dövlət səviyyəsində formalaşdırılmış və hər zaman diqqət mərkəzində olan idman siyasəti dayanır. Bu siyasətin təməli isə Ulu Öndər tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilmişdir.
Azərbaycan idmançılarının əldə etdiyi uğurlar təkcə onların şəxsi nailiyyətləri deyil, bütün xalqın sevinci və qürurudur. Bu uğurlar, ölkəmizin dünya arenasında necə yüksək səviyyədə təmsil olunduğunun bariz nümunəsidir. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizin bayrağını ucaldaraq Azərbaycan adını yüksəklərə qaldırırlar. Onların göstərdiyi əzmkarlıq və vətənpərvərlik, gənc nəsillərə motivasiya qaynağıdır. Milli qürur hissi, hər bir idmançımızın üzərində daşıdığı məsuliyyəti daha da artırır.
2024-cü ilin 24 dekabr tarixində idman sahəsindəki nailiyyətlər Prezident İlham Əliyevin iştirakı ilə keçirilən yekun mərasimində ətraflı təhlil edildi. Cənab Prezident çıxışında Azərbaycanın beynəlxalq idman aləmində qazandığı uğurların önəmini vurğuladı və gələcək hədəflər barədə ətraflı məlumat verdi. Mərasimdə həm bu ilin nailiyyətləri, həm də idmanın ölkə siyasətindəki strateji rolu diqqət mərkəzində idi.
Azərbaycan idmançıları 2024-cü ildə beynəlxalq yarışlarda 1700-ə yaxın medal qazanaraq ölkəmizin idman sahəsindəki inkişafını bir daha sübut etdilər. Prezident İlham Əliyev bu uğurları idman siyasətinin düzgün istiqamətdə aparılmasının nəticəsi kimi qiymətləndirdi. Xüsusilə Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi nəticələr əldə edərək, dünyanın 200-dən çox milli komandasının iştirak etdiyi bu oyunlarda 30-cu yeri tutdu və 7 medal qazandı. Bu nəticə 1996 – cı ildən bəri iştirak etdiyimiz Olimpiya Oyunlarındakı ən yüksək göstəricimiz idi. Müsəlman ölkələri arasında üçüncü yerə yüksəlmək isə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı.
Dövlət başçısı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında idmanın əhəmiyyətini xüsusi vurğuladı. Azərbaycanlı idmançılar yalnız yarış meydanlarında deyil, cəmiyyətin digər sahələrində də nümunəvi davranışları ilə seçilir. İdmançılarımız qalib ölkənin nümayəndələri kimi beynəlxalq arenalarda çıxış edərək Azərbaycan xalqının zəfər ruhunu dünyaya nümayiş etdirirlər.
Regionlarda idmanın inkişafı ilə bağlı davam edən işlər də dövlət başçısının çıxışında xüsusi yer tutdu. Hal-hazırda ölkə üzrə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və azad edilmiş ərazilərdə yeni idman obyektlərinin tikintisi sürətlə aparılır. Ağdamda beynəlxalq standartlara cavab verən stadion, Füzulidə Olimpiya İdman Kompleksi, və Şuşada idman yarışlarının keçirilməsi bölgələrimizin inkişafında mühüm rol oynayır. Xankəndidəki stadion hələ 1956 – cu ildən istifadəyə verilmişdir. 2023 – cü ilin 21 dekabr tarixində xalqımız tarixibir hadisəyə şahidlik etmişdir. Bu zaman cənab Prezidentin də iştirakı ilə Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi keçirilmişdir. Prezidentimiz çıxışı zamanı Xankəndi stadionunun yenidən qurulması prosesinin gələn il tamamlanacağını söylədi.
Cənab Prezident qeyd etdi ki, idman sahəsində əldə edilən uğurların davamlı olması üçün dövlət bütün lazımi addımları atacaq. Federasiyalar, klublar və idman qurumları vahid strategiya əsasında fəaliyyətlərini davam etdirəcəklər. Ənənəvi idman növləri ilə yanaşı, yeni sahələrdə də inkişafın təmin edilməsi planlaşdırılır.
Prezident İlham Əliyev 2025-ci ildə Azərbaycanda keçiriləcək Üçüncü MDB Oyunlarına hazırlıqlar barədə də danışdı. Bu mötəbər yarışlar üçün Gəncə başda olmaqla 14 şəhər seçilib. Gəncə şəhərində idman obyektlərinin tikintisi ilə yanaşı, ümumi şəhər infrastrukturunun yenilənməsi də həyata keçiriləcək. MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir ki, bu da Azərbaycanın böyük idman tədbirlərinə ev sahibliyi etmək potensialını bir daha sübut edir.
Gələn ildən başlayaraq Gəncə şəhərində genişmiqyaslı təmir-bərpa işləri aparılacaq. 2025-ci ildə Üçüncü MDB Oyunlarına ev sahibliyi edəcək Gəncə şəhərində iştirakçılar və onların komandaları üçün lazımi şərait yaradılacaq. Şəhər infrastrukturu yenilənəcək, nəqliyyat sistemi tamamilə modernləşdiriləcək, tarixi binalar bərpa ediləcək. Bu, həm şəhərin tarixi simasını qoruyacaq, həm də onun müasir inkişafını əks etdirəcək.
Azərbaycan dövlətinin idmançılara göstərdiyi xüsusi qayğı illərdir davam edir. Hər ilin sonunda ənənəvi olaraq idmançılar dövlət təltifləri və mənzillərlə mükafatlandırılır. Prezident İlham Əliyevin sözlərinə görə, idmanın inkişafı dövlət dəstəyi olmadan mümkün deyil. Bu yanaşma, idmançıların və məşqçilərin fəaliyyətini dəyərləndirmək üçün ədalətli və əsaslı addımlardır.
İdman yalnız fiziki gücü artırmaqla kifayətlənmir, həm də milli ruhu və vətənpərvərlik hissini gücləndirir. Azərbaycanın tarixi Zəfəri, Qarabağın işğaldan azad edilməsi gənc idmançılar üçün əlavə motivasiya qaynağıdır. Tarixi qələbəmizdən sonra idmançılarımız yarışlarda qalib dövlətin qalib vətəndaşları kimi böyük qürur hissi ilə iştirak edirlər.
Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni həyat qurulmaqdadır. Bu ərazilərdə müasir idman infrastrukturları tikilir, məşhur idmançılar və ziyalılar gənclərlə görüşlər keçirmək üçün müntəzəm olaraq səfərlər edirlər. Bu səfərlər həm orada yaşayan gənclər üçün motivasiya mənbəyi olur, həm də gələcək idman istedadlarının seçilməsi üçün mühüm rol oynayır.
2024-cü il Azərbaycan üçün idmanda uğurlu il kimi yadda qaldı. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz təkcə yarışlarda qazandığı medallarla deyil, həm də beynəlxalq idman mərkəzi kimi mövqeyini möhkəmləndirməkdədir. Gənclərin fiziki və mənəvi inkişafını təmin edən bu siyasət ölkəmizin daha böyük nailiyyətlərə imza atacağından xəbər verir.
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini