Qərbi Azərbaycan, xalqımızın ən qədim torpaqlarından olub, əzəli yurd yerimizdir. Qərbi Azərbaycana qayıdış yalnız coğrafi və siyasi bir məsələ deyil, eyni zamanda, millətimizin tarixi yaddaşını, mədəniyyətini və gələcəyə doğru düzgün istiqamətdə addımlamağı əks etdirən böyük bir mübarizəyə çevrilmişdir. Bu qayıdışın təməlində, həm də müasir Azərbaycanın inkişafını, regionun geosiyasi vəziyyətini nəzərə alaraq, dövlətin öz vətəndaşlarının hüquqlarını təmin etmək məqsədi dayanır.
Qərbi Azərbaycan ərazilərində baş vermiş soyqırımlar, erməni vandallarının azərbaycanlılara qarşı apardığı müharibə və işğalçı siyasətlər xalqımızın tarixində dərin izlər buraxmışdır. Həmin mövzunun beynəlxalq müstəvidə müzakirəsi bu ərazilərdə azərbaycanlıların tarixi irsinin bərpası və qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın iştirakçılarına müraciətində Ermənistanın Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışdığı vurğulanmışdır. Dövlətimizin başçısı Ermənistanın Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtdığını, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurduğunu qeyd etmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qərbi Azərbaycan İcması, zorla köçürülmüş qərbi azərbaycanlıların tarixi torpaqlarına geri qayıtmaq hüququnu müdafiə edən və bu məqsədlə fəaliyyət göstərən qurumdur. İcma, Qərbi Azərbaycana aid tarixi, mədəni və coğrafi həqiqətləri tədqiq edərək, dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoymuşdur. Beynəlxalq konfranslar, tədbirlər və layihələr vasitəsilə erməni vandalizmi nəticəsində məhv edilmiş mədəni irsin bərpası və ədalətin təmin olunması üçün mübarizə aparır. Həmçinin, İcma qərbi azərbaycanlıların hüquqlarını qorumaq üçün beynəlxalq hüquq və insan haqları müstəvisində fəaliyyət göstərir.
Beynəlxalq hüquq müharibələr, işğallar və ərazi dəyişiklikləri məsələlərində dövlətlərin suverenliyini təmin etməyə çalışır. Bununla yanaşı, etnik qrupların, xüsusilə qaçqın və məcburi köçkünlərin hüquqları da qorunur. Qərbi Azərbaycana qayıdış, beynəlxalq hüququn prinsipləri əsasında zorla köçürülmüş insanların geri dönməsini təmin etmək məqsədini daşıyır və bu, beynəlxalq təşkilatlar tərəfindən diqqətə alınmalıdır.
Qərbi Azərbaycana qayıdış sosial və mədəni baxımdan da mühüm əhəmiyyətə malikdir. Bu, xalqımızın öz tarixi irsinə, mədəniyyətinə, dilinə və adət-ənənələrinə sahib çıxmasının rəmzidir. Eyni zamanda, qayıdış prosesi digər etnik və milli qruplar üçün də ədalətin bərpasını və insanların öz doğma yurdlarına dönmə hüququnu xatırladır. Beləliklə, Qərbi Azərbaycana qayıdış yalnız Azərbaycan xalqının deyil, eyni zamanda, bütün dünya xalqlarının haqq və hüquqlarının müdafiəsini təcəssüm etdirən bir prinsip kimi qəbul edilməlidir. Bundan əlavə, bu proses Ermənistanın bir dövlət kimi məsuliyyətsizliyini və tarixi ədalətin bərpası üçün zəruri addımlar atmadığını bir daha ortaya qoyur.
Azərbaycanın bu məsələdə beynəlxalq dəstək qazanması, regionda davamlı sülhün və ədalətin bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu mövzunu beynəlxalq platformalarda gündəmə gətirərək, həm tarixi ədalətin bərpasına, həm də müasir dövrdə xalqların hüquqlarının təmin edilməsinə olan sadiqliyini nümayiş etdirir. Azərbaycan dövləti, xalqının hüquqlarını qətiyyətlə müdafiə edərək, həm regionda, həm də beynəlxalq arenada məsələyə balanslı və prinsipial yanaşma nümayiş etdirir.
Qərbi Azərbaycana qayıdış, xalqımızın ən böyük hədəflərindən biri olmaqla yanaşı, ədalət uğrunda aparılan mübarizənin simvoluna çevrilmişdir. Bu istiqamətdə dünya birliyinin dəstəyi Azərbaycan üçün xüsusi önəm daşıyır. Həmçinin, bu qayıdış, yalnız Azərbaycanın deyil, bütün dünyanın ədaləti bərpa etmək yolunda atacağı əhəmiyyətli addımlardan biri kimi tarixə yazılacaq.
Nurlan Həsənov,
Milli Məclisin deputatı