13 noyabr 2024 15:22
407

SOCAR-ın vitse-prezidenti COP29 çərçivəsində “Metan və qeyri-CO2 istixana qazları” mövzusunda Sammitin plenar iclasında çıxış edib

12 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində “Mavi Zona”da “Metan və qeyri-CO2 istixana qazları” mövzusunda Sammit keçirilib.

“İki sahil” xəbər verir ki, Sammitin plenar iclasında çıxış edən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev metan və qeyri-CO2 emissiyalarının azaldılması sahəsində şirkətin fəaliyyəti, bu istiqamətdə tətbiq olunan qabaqcıl texnologiyalar və həll yollarına dair tədbir iştirakçılarına ətraflı məlumat verib.

Vitse-prezident SOCAR-ın fəaliyyət sahələrində metan emissiyalarının ölçülməsi və inventarlaşdırılmasının beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirildiyini qeyd edib. Belə ki, “GHGSat” şirkəti ilə əməkdaşlıq çərçivəsində SOCAR-ın neft-qaz əməliyyatı sahələrində emissiyalarının müəyyənləşdirilməsi məqsədilə peyk monitorinqlərinin aparılmasına başlanılıb. Həmçinin “TotalEnergies” şirkəti ilə partnyorluq çərçivəsində “AUSEA” texnologiyasından istifadə etməklə dron ölçmələri həyata keçirilir. Bunlardan başqa istehsalat sahələrində instrumental alət və cihazlar vasitəsilə yerində ölçmələr də aparılır. Həm peyk, həm dron, həm də yerində ölçmələr zamanı əldə olunan göstəricilər süni intellektə əsaslanan “Metan AI” alətində operativ şəkildə emal olunmaqla və təfərrüatlı təhlili aparılmaqla emissiya mənbələrinin ləğvinə dair tədbirlər görülür.

Əfqan İsayev metan emissiyalarının azaldılması istiqamətdə səmərəliliyin artırılması, bu sahədə fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə effektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə SOCAR-ın “MGP” və “OGCI” kimi təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunan fəaliyyətlər SOCAR-ın metan emissiyalarının azaldılması sahəsində məqsədyönlü fəaliyyətinin göstəricisidir.