2023–2025-ci illərdə ANAMA və sosial tərəfdaşlarla birgə 115 görüş və təlim keçirilib
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası genişləndikcə təhlükəsiz əmək mühitinin yaradılması istiqamətində maarifləndirmə tədbirləri də ardıcıl şəkildə davam etdirilir. Bu məqsədlə əmək hüquqları, əməyin mühafizəsi və mina təhlükəsizliyi sahəsində keçirilən təlimlər həm işçilərin, həm də işəgötürənlərin bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri Vüsal Məmmədov "İki sahil"ə özəl açıqlamasında bildirib ki, Mərkəz 2023-cü ildən etibarən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və digər sosial tərəfdaşlarla birlikdə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirir.
Onun sözlərinə görə, proqram çərçivəsində əmək hüquqları, əməyin mühafizəsi və mina təhlükəsizliyi mövzularını əhatə edən görüş və təlimlər təşkil olunur. Bu tədbirlər vasitəsilə iştirakçılara təhlükəsiz əmək mühitinin yaradılması, istehsalat risklərinin idarə olunması və qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilir.
Vüsal Məmmədov qeyd edib ki, 2023–2025-ci illər ərzində ümumilikdə 115 görüş və təlim keçirilib. Həmin tədbirlərdə 9 min 700 nəfərədək şəxs iştirak edib ki, bu da işğaldan azad olunmuş ərazilərdə təhlükəsiz əmək mədəniyyətinin formalaşdırılması istiqamətində mühüm nəticə hesab olunur.
Mərkəz sədri vurğulayıb ki, maarifləndirmə tədbirləri zamanı işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, istehsalat risklərinin vaxtında müəyyənləşdirilməsi və bədbəxt hadisələrin qarşısının alınması yolları izah edilir.
O əlavə edib ki, təlimlər nəzəri biliklərlə məhdudlaşmır. Görüşlər çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılır, müəssisələrdə qarşıya çıxan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır və praktik nümunələr əsasında təhlükəsizlik qaydaları izah olunur.
Vüsal Məmmədovun sözlərinə görə, müxtəlif dövlət qurumları və sosial tərəfdaşların birgə iştirakı ilə keçirilən bu tədbirlər əmək münasibətlərinin daha sağlam əsaslar üzərində qurulmasına, iş yerlərində təhlükəsizlik mədəniyyətinin güclənməsinə və istehsalat qəzalarının qarşısının alınmasına mühüm töhfə verir.
Yaqut Ağaşahqızı, “İki sahil”