22 iyun 2026 14:04
119

"Yonhap": Cənubi Koreyanın sabiq ədliyyə naziri 25 il müddətinə azadlıqdan məhrum edilib

Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreyanın sabiq ədliyyə naziri Pak Son Ceni 25 il müddətinə azadlıqdan məhrum etmə barədə hökm çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Sabiq nazir keçmiş prezident Yun Sok Yolun 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyət elan etməsində iştirakına görə təqsirli bilinib.

Cari ilin fevral ayında Yun Sok Yolun özü hərbi vəziyyətin əsassız elan edilməsinə (bu addım qiyam cəhdi kimi tövsif olunub) görə ömürlük həbs cəzasına məhkum edilmişdi. Bu iş üzrə daha bir neçə hökm də çıxarılıb: sabiq müdafiə naziri 30 il, Milli Polis İdarəsinin keçmiş rəisi isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə hesab edib ki, Pak Son Ce hərbi vəziyyətin tətbiqi və qiyam cəhdində mühüm rollardan birini oynayıb. Prezident hərbi vəziyyət barədə qərar qəbul etdikdən dərhal sonra Pak Ədliyyə Nazirliyinin əməkdaşlarının iclasını çağırıb. İstintaqın məlumatına görə, həmin iclasda Yun Sok Yolun əmri ilə saxlanılması nəzərdə tutulan siyasətçilərin yerləşdiriləcəyi həbs yerləri müzakirə olunub. Bir neçə müxalifət siyasətçisinin həbsi barədə qərar, məhkəmənin prezident və nazirlərin hərəkətlərini məhz qiyam cəhdi kimi qiymətləndirməsinin əsas səbəblərindən biri olub.