ABŞ-də keçirilən prezident seçkilərində “tərəddüd edən” ştatlardan olan Pensilvaniyada bəzi seçki məntəqələrində seçicilər bir sıra problemlərlə üzləşirlər.
“İki sahil” xəbər verir ki, bu barədə CNN teleşirkəti məlumat yayıb.
Qeyd olunur ki, ştatın Kembriya dairəsində proqram təminatının nasazlığı və nəticədə seçicilərin bülletenləri skan etməsinin çətinləşməsindən sonra səsvermənin keçirilmə saatıları dəyişdirilib, bitmə saatı uzadılıb.
“Bizim bu cür nasazılıqlarla bağlı planımız var və onlar vətəndaşların səsvermə hüquqlarını həyata keçirməsinə mane olmamalıdır. Qəbul edilmiş bülletenlər təhlükəsiz şəkildə saxlanılacaq və İT mütəxəssisləri tərəfindən yoxlanıldıqdan sonra hesablanacaq”, - dairənin seçki komissiyasının bəyanatında deyilir.
CNN-in məlumatına görə, Pensilvaniya ştatının Allegeyni dairəsində iki seçki məntəqəsi gec açılıb. Buna səbəb müşahidəçilərin ya gec gəlməsi, ya da ümumiyyətlə gəlməməsi olub.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-də növbəti ümumi seçkilər keçirilir. Seçicilər ölkə Prezidentini, Senatın üçdə birini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər. Dövlət başçısı postu uğrunda Respublikaçılar Partiyasının namizədi Donald Tramp və Demokratlar Partiyasının nümayəndəsi Kamala Harris mübarizə aparır.