Beynəlxalq aləmdə gündən-günə mövqeyi güclənən, dünya dövlətlərinin etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə kimi qəbul etdiyi Azərbaycanda regional və qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bu günlərdə “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının ölkəmizdə keçirilməsi bunun bariz göstəricisidir.
Prezident İlham Əliyev “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bildirib ki, müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür. Onların müxtəlif sahələrdə apardığı araşdırmalar qlobal çağırışların - təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həlli üçün mühüm zəmin yaradır. Sessiyının bağlanış mərasimində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay bildirib ki, qurumun sessiyasının qədim Bakıda keçirilməsi, - həm də Formula 1 keçirildiyi ərəfədə, -yeni regional perspektivlərə rəng qatmış oldu. Baş katib qeyd edib ki, Forumun Bakıda keçirilməsi təşkilatın çoğrafi mövcudluğunu genişləndirdi və müzakirələrə yeni regional perspektivlər gətirdi.
Bütün bunları Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri, politoloq Zaur İbrahimli ilə ətraflı müzakirə etdik
- Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının ilk dəfə Çindən kənarda, məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Bu, Azərbaycanın regiondakı və bütövlükdə Avrasiya məkanındakı artan rolunu göstərir. Forumun Bakıda keçirilməsi bir tərəfdən ölkəmizin sabit, etibarlı tərəfdaş kimi tanınmasının sübutudur, digər tərəfdən isə Azərbaycanın Asiya ilə Avropa arasında körpü rolunun beynəlxalq səviyyədə qəbul edilməsini təsdiqləyir. Bu, həm də Azərbaycanın diplomatik təşəbbüslərinin, Prezident İlham Əliyevin qlobal miqyasda artan nüfuzunun nəticəsidir.
– 2026-cı ilin payızında AQEM Zirvə toplantısının Azərbaycanın sədrliyi altında keçirilməsi haqqında fikirlərinizi bilmək maraqlı olardı.
– Bu hadisə ölkəmizin beynəlxalq nüfuzunun açıq göstəricisidir. Azərbaycan artıq təkcə regional təşəbbüslərin deyil, qlobal gündəmin formalaşmasına təsir göstərən tədbirlərin də təşkilatçısına çevrilib. Zirvə toplantısının bizim sədrliyimizlə keçirilməsi Azərbaycanın diplomatik etimad kapitalının nə qədər yüksəldiyini göstərir. Bu, həm də Azərbaycanın çoxtərəfli diplomatiyaya, dialoqa və əməkdaşlığa verdiyi töhfələrin beynəlxalq müstəvidə tanınması deməkdir. Azərbaycan həm Avropa, həm Asiya, həm də Yaxın Şərq arasında təbii tranzit məkanı kimi AQEM çərçivəsində yeni əməkdaşlıq modelləri təklif edə bilər. Azərbaycanın Cənub Qaz Dəhlizi və bərpaolunan enerji sahəsində təşəbbüsləri AQEM üzvü olan bir çox ölkə üçün modeldir və bu istiqamətdə əməkdaşlıq perspektivi mövcuddur. Azərbaycanın AQEM Zirvə toplantısına sədrliyi həm də onun Qlobal Cənubda mövqeyini gücləndirir.
– Yeni dünya nizamında Qlobal Cənubun yerini necə izah edərdiniz?
Son illərdə beynəlxalq münasibətlər sistemində “Qlobal Cənub” anlayışı strateji kateqoriyaya çevrilib. Əgər əvvəlki onilliklərdə qlobal qərarların formalaşdırılmasında əsas yük Qərb dövlətlərinin – ABŞ və Avropa İttifaqının üzərinə düşürdüsə, bu gün inkişaf etməkdə olan ölkələrin artan iqtisadi gücü, zəngin enerji resursları və strateji-coğrafi mövqeləri beynəlxalq sistemin yeni dayaqlarını müəyyən edir.Qlobal Cənub ölkələri artıq yalnız “müşahidəçi” statusu ilə kifayətlənmir. Onlar qlobal proseslərin fəal iştirakçısına çevriliblər. Bu dəyişimin bir neçə əsas göstəricisi var, Hindistan, Braziliya, İndoneziya, Türkiyə, Cənubi Afrika və digər dövlətlər qlobal ÜDM-in artım tempinə ciddi təsir göstərir. Qlobal neft, qaz və kritik mineralların əhəmiyyətli hissəsi məhz Qlobal Cənub ölkələrinin nəzarətindədir. Dəniz yollarının böyük hissəsi, yeni tranzit dəhlizləri və logistika mərkəzləri inkişaf etməkdə olan ölkələrin ərazilərindən keçir. Qlobal Cənubun yüksəlişi həm də institusional müstəvidə müşahidə olunur. BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, Afrika Birliyi və ASEAN kimi birliklər artıq beynəlxalq münasibətlərdə mühüm qərarların qəbulunda rol oynayır. Bu təşkilatlar vasitəsilə Qlobal Cənub dövlətləri Qərb mərkəzli mexanizmlərə alternativ platformalar yaradır, enerji, ticarət və təhlükəsizlik məsələlərində öz maraqlarını daha sərt müdafiə edir.
Azərbaycan Qlobal Cənubun fəal aktorlarından biri kimi çıxış edir. Enerji resursları, Orta Dəhliz üzərində yerləşən strateji mövqeyi və çoxvektorlu diplomatiyası ilə Bakı həm inkişaf etməkdə olan ölkələrlə, həm də Qərb gücləri ilə əməkdaşlıq etməklə yeni dünya düzənində balanslı siyasət aparır. Azərbaycan bu reallıqda həm enerji təhlükəsizliyi, həm də nəqliyyat-logistika əməkdaşlığı baxımından mühüm tərəfdaş statusu qazanır.
– Bəs Qlobal Cənub kontekstində Azərbaycanın yeri necədir?
– Azərbaycan Qlobal Cənubun fəal üzvü kimi çıxış edir. Biz həm enerji təhlükəsizliyi, həm nəqliyyat-logistika imkanları, həm də siyasi-diplomatik təşəbbüslərimizlə bu məkanın əsas oyunçularından biriyik. Azərbaycanın balanslı siyasəti Qlobal Cənubun maraqlarını beynəlxalq platformalarda ifadə etməkdə mühüm rol oynayır. Ən əsası, Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin, dialoqun və qarşılıqlı dəstəyin gücləndirilməsinə çalışır. Azərbaycan bu yeni kontekstdə özünəməxsus mövqe qazanmışdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biridir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan həm Avropa, həm də Qlobal Cənub dövlətləri üçün enerji şaxələndirilməsində strateji rol oynayır. Azərbaycanın yerləşdiyi coğrafiya – Cənubi Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında təbii tranzit məkanıdır. Orta Dəhliz (Trans-Xəzər Nəqliyyat Marşrutu) Bakını Çindən Avropaya uzanan logistika şəbəkəsinin ayrılmaz hissəsinə çevirir. Azərbaycan həm Qərb, həm də Qlobal Cənub dövlətləri ilə əməkdaşlıq edir. Çinlə strateji tərəfdaşlıq, Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə dərin inteqrasiya, eyni zamanda Avropa İttifaqı ilə enerji sahəsində tərəfdaşlıq Azərbaycanın balanslı siyasətini sübut edir.
Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı, Türk Dövlətləri Təşkilatının fəal üzvü olaraq Qlobal Cənub institutlarında öz rolunu gücləndirir. Bu barədə nə deyə bilərsiniz?
-Azərbaycanın iqtisadi gücü və enerji resursları BRICS+ kimi platformalarda gələcək əməkdaşlıq üçün potensial açır. Ölkəmizin beynəlxalq humanitar forumları və multikulturalizm siyasəti də Qlobal Cənub kontekstində nümunə kimi qəbul olunur. Qlobal Cənub ölkələrinin beynəlxalq münasibətlərdə artan rolu yalnız dövlətlərarası əlaqələrlə məhdudlaşmır. Bu prosesdə vətəndaş cəmiyyəti institutlarının - qeyri-hökumət təşkilatlarının (QHT-lərin) fəallığı da yeni dünya düzəninin formalaşmasına təsir göstərən amillərdən birinə çevrilir. Qlobal Cənub QHT Platforması məhz bu ehtiyacdan doğaraq, inkişaf etməkdə olan ölkələrin ictimai-sosial, humanitar və ekoloji sahələrdə daha sıx əməkdaşlığı üçün mühüm platforma rolunu oynayır. Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə indiyədək mövcud olmayıb. İlk dəfədir ki, Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanır və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma təsis edir. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-nın vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yer alması nəinki Azərbaycan, Qlobal Cənub miqyasında rast gəlinməyən məxsusi hadisədir. Qoşulmama Hərəkatının gənclər və parlament şəbəkələri olsa da, QHT şəbəkəsi yoxdur.
Platforma Bakını Qlobal Cənub QHT-lərin təşəbbüslərinin əsas mərkəzinə çevirəcək. Bura yalnız COP mövzuları deyil, Qlobal Cənubu narahat edən bütün məsələlər daxildir. Bu, ölkəmizin Şimal və Cənub arasında dialoq yaratmaq, körpü rolunu oynamaq, ortaq nöqtələr tapmaq missiyasını, siyasətini tamamlayacaq. Azərbaycan Prezidenti Platformanın təsis konfransında iştirakçılara müraciətində ölkəmizin strateji baxış və yanaşmasını bir daha bəyan etdi. Bu baxış Qlobal Cənubu təmsil edən nüfuzlu QHT-lər tərəfindən müdafiə olundu. Dəfələrlə Azərbaycan Prezidentinin mesajları təhlil edildi və bu baxışın, həm də Qlobal Cənub QHT Platformasının perspektivinin müəyyənləşməsinə mühüm töhfə olduğu bildirildi. Azərbaycan Prezidentinin mesajı hamı üçün aydın idi: “Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik”.
Zahid Rza, “İki sahil”